Bakı ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edir

# 18:17
2 oktyabr 2023

“Şəhərsalma Həftəsi 2023” çərçivəsində oktyabrın 2-də Azərbaycanın paytaxtı Bakı şəhəri ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edir. Nüfuzlu beynəlxalq ekspertlərin və dövlət rəsmilərinin qatıldığı tədbirdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif çıxış edib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov çıxış edərək, bu cür tədbirin Bakıda keçirilməsinin önəminə toxunub. Qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri aparılır. O bildirib ki, Azərbaycan sürətli, keyfiyyətli tikinti təcrübəsini paylaşmaqda qətiyyətlidir. "Ağıllı kənd" layihələri də buun bariz nümunələrdir.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə qeyd edib ki, hazırda ölkə üzrə 7, həmçinin Qarabağ iqtisadi rayonu üçün 4 şəhərin baş plan hazırlanmaqdadır.

 

 

Çıxışlarda dayanıqlı məskunlaşmanın əhəmiyyətinə toxunulub. Paytaxt Bakı şəhərinin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi yüksək qiymətləndirilib. Həmçinin bildirilib ki, şəhərsalma və şəhərlərin inkişafı davamlı inkişafa nail olmaqda mühüm rol oynayır. Davamlı qlobal urbanizasiya tendensiyaları fonunda, hər bir ölkənin üzləşdiyi spesifik çağırış və imkanlar inkişaf proqramlarının əhəmiyyətini daha da artırır. Belə ölkələrdən biri də Azərbaycandır. Hazırda ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan şəhərsalma siyasəti və layihələndirmə işlərinin miqyasından söz açılıb. “Şəhərsalma Həftəsi 2023” Forumu çərçivəsində ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov "Xüsusi tanınma mükafatı" ilə təltif edilib.

 

 

Qeyd edək ki, paytaxt Bakı şəhərinin bu gün ən mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun davamlı və dayanıqlı inkişafına təkanverici qüvvələrdəndir və eyni zamanda şəhərin inkişafı daha yeni platformaların mərkəzinə çevrilməsinə şərait yaradır.

 

AYGÜN CARÇIYEVA

HƏZRƏT BAYRAMLI

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR