Bakı küçələrində yeni təhlükə - SKUTERLƏR

# 18:09
17 avqust 2021

Təsəvvür edin, küçədə getdiyiniz yerdə kimsə az qalsın, üstünüzdən keçir. Ya uşaqla gəzinti zamanı, sakit addımlarla fəslin gözəlliyindən zövq almağa çalışdığın yerdə qulağının dibindəcə eşitdiyin vıyıltıdan diksinirsən. Bu təsvir Bakının hazırkı durumunu əks etdirir. Bir neçə müddətdir, icarəsinə başlanılan skuterlər əvvəl-əvvəl əyləncə vasitəsi kimi hamının diqqətini çəkirdi. Xeyli vaxtdır skuterlər bütün inkişaf etmiş ölkələrdə gündəlik nəqliyyat vasitəsinə çevrilir. Biz də Bakıda görəndə sevinmişdik. Ümid yaranmışdı ki, bu əyləncəli nəqliyyat vasitəsi kütləviləşər və şəhərdəki tıxac probleminin aradan qaldırılmasına kömək edər. Lakin hazırda sözügedən minik vasitəsi piyada və sürücülər üçün başlıca risk amilinə çevrilib. Bəs nə etməli?

 

Nəqliyyat eksperti Elməddin Muradlı sualı belə cavablandırıb: “Əvvəllər elə bildik ki, bu nəqliyyat vasitələrinin gəlişi tıxacların qarşısını alacaq. İnsanlar da zamanla onlardan istifadəyə başlayacaq. Ancaq indi vəziyyət gərginləşib. Bir də görürsən, kimsə güllə kimi gəlib keçir. Velosipedlər, skuterlər üçün ayrıca zolaqlar yaradılmalıdır”.

 

Bəs qəza hallarına səbəb olan skuter sürücüləri hansı hallarda cərimələnir? Yaxud onlar üçün nəzərdə tutulan cəza tədbirləri ümumiyyətlə, varmı?

 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli cəza tədbirlərindən danışıb: “Bəzən vətəndaşlarımız elə hesab edir ki, sürücülük hüququ olmadan idarə edilən nəqliyyat vasitələri ilə qaydaları pozmaq olar. Bu zaman məsuliyyət yaranmır. Əksinə hər bir vətəndaş bilməlidir ki, yol hərəkəti haqqında qanunumuzda hərəkətin digər iştirakçıları hesab olunan kateqoriyaya düşən bu şəxslərə də nəzərdə tutulmuş qaydada inzibati xətalar üzrə tədbirlər görülə bilər. İnzibati xətalar məcəlləsinin 338-ci maddəsində 20 manatdan 100 manatadək qayda pozuntuları aşkarlanır”

 

Sözügedən nəqliyyat vasitəsindən istifadə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması, işıqfor və nizamlayıcı işarələrə məhəl qoyulmaması, hətta maped, skuter və başqa minik vasitələrini spritli içkilərin təsiri altında sürmək belə 338-ci maddə ilə tənzimlənir və müvafiq normalarla cərimə tətbiq olunur. Amma bu məsələ ilə bağlı qanunvericilikdə bəzi boşluqlar da var. Məsələn, bu minik vasitələrinin sürət həddini aşması və təhlükə yaratması ilə bağlı İnzibati Xətalar Məcəlləsində konkret qayda pozuntusu müəyyən edilməyib.

 

Mir Çingiz Ağazadə

Üzeyir Ağayev

APA TV 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR