Bakıda ağacların quruması niyə çoxalıb? - APA TV

# 16:26
19 oktyabr 2022

Paytaxtın bəzi ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının quruması halları müşahidə olunur. Ağacların qurumasının həm səbəbinin araşdırılması, həm də qarşısının alınması üçün Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə dünyanın bir çox ölkələrindən alimlər, mütəxəssislər dəvət olunub. Araşdırmalar nəticəsində məlum olub ki, ağacların quruması qlobal iqlim dəyişikliyi ilə bağlıdır.

 

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyir ki, BMT-nin tanınmış mütəxəssisi, İsraildən, Almaniyadan, Türkiyə və Rusiyadan dəvət edilmiş mütəxəssislərin iştirakı ilə tədbirlər planı hazırlanıb: “Regional İnkişaf İctimai Birliyinin könüllüləri ilə birlikdə şəhərdə bu cür xəstə ağacların müəyyənləşdirilməsi ilə bağlı inventarizasiya işləri aparılıb. Ümumən mütəxəssislərin gəldiyi qənaət ondan ibarətdir ki, bu ağacların qurumasına əsas amil olaraq qlobal iqlim dəyişikliyi ilə bağlıdır. Bildirmək istəyirəm ki, insanlarımızda bəzən belə bir fikir formalaşır ki, bu suvarılmamaqla bağlıdır. Gələn mütəxəssislərin qənaəti bundan ibarətdir ki, bu belə deyil. İqlim dəyişikliyi ilə bağlıdır”.

 

Elmin İmanov bildirib ki, bu hal tək Azərbaycanda yox, dünyanın əksər ölkələrində baş verir. Ümumi vəziyyət isə digər ölkələrlə müqayisədə daha yaxşıdır. İsraildən gəlmiş bitkiçilik üzrə mütəxəssis, aqronom Qabriel Eliazzın sözlərinə görə isə bu hallar qlobal iqlim dəyişiklikləri hesabına baş verir. Əvvəllər də rast gəlinməsinə baxmayaraq, kütləvi hal almayan bu xəstəlik virus kimi yayılır. Lakin xəstəlik immun sistemi güclü olan ağaclara təsir etmir və guya ağacların suvarılmaması səbəbindən quruması barədə səsləndirilən fikirlər əsassızdır.

 

Regional İnkişaf İctimai Birliyinin könüllüsü Qurban Məmmədov bildirib ki, ağacların yaşıllaşdırılmasında və bərpasında fəal iş aparılır: “Regional İnkişaf İctimai Birliyinin könüllüləri olaraq paytaxt ərazisində xəstəlik səbəbindən qurumuş ağacların aşkarlanması prosesində iştirak edirik. Mütəxəssislərin könüllülərimizə göstərdiyi təlimatlar nəticəsində xəstə ağacları aşkarlayıb, qeydə alırlar”.

 

Sonda isə mütəxəssislərin iştirakı ilə qurumuş ağacların kəsilməsi prosesi həyata keçirildi.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR