Universitetlərdə “Genderə giriş” fənni tədris oluna bilər

# 15:49
20 oktyabr 2021

Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans keçirilib.

 

APA TV-nin məlumatına görə, YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov konfransda bildirib ki, Mərkəzi Aparatda ayrıca Gender məsələləri şöbəsi yaradılıb.

 

Tahir Budaqov ilk dəfə olaraq, YAP-da parlamentdə təmsil olunan bütün partiya sədrlərinin, komitə sədrlərinin və ölkədə fəaliyyət göstərən bütün politoloqların iştirakı ilə tədbir keçirəcəyini bildirib.

 

Onun sözlərinə görə, YAP-da keçiriləcək tədbirdə bütün sahələrdə vahid mövqedən çıxış etmək, siyasi konfiqurasiyada edilən dəyişikliklər və s. mövzularda müzakirələr aparılacaq.

 

YAP sədrinin müavini deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti sosial paket hazırlayacaq ki, bu sosial paket əhalinin bütün təbəqələrini, o cümlədən qadınları da əhatə edəcək.

 

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Universitetlərdə “Genderə giriş” fənninin tədris edilməsi və bu sahədə müvafiq kafedranın açılması ilə bağlı müraciət etdiklərini deyib.

 

O bildirib ki, artıq bu sahədə işlər yekunlaşmaq üzrədir, gələn ildən bu fənnin ilk olaraq universitetlərdə daha sonra təhsil müəssisələrində tədrisinə başlanılacaq.

 

Konfrans digər iştirakçıların çıxışları ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR