Bakıda əcnəbini alçaldaraq videoya çəkdilər, 11 il iş aldılar

# 16:02
17 aprel 2023

Quldurluqda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.APA-nın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ağababa Musayev, Aqşin Məmmədov, Nihat Rəhimli və Elnur Vəliyev 11 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il noyabrın 26-da Bakıda ali təhsil alan xarici ölkələrdən birinin vətəndaşı polisə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə tanış olduğu bir nəfər onu Yasamal rayonunda yerləşən “Qanlı göl” adlanan əraziyə çağırıb. Orada olan yarımtikilidə tanımadığı 4 nəfər ona qarşı fiziki zor tətbiq etməklə 1 ədəd, dəyəri 1500 manat olan mobil telefonunu və 100 manat pulunu ələ keçiriblər. Həmin şəxslər daha sonra zərərçəkənin şəxsiyyətini alçaldan hərəkətlər edərək onu mobil telefon vasitəsi ilə lentə alıb polisə bu barədə şikayət edəcəyi təqdirdə həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa təqdim ediliblər.

 

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər eyni üsulla, yəni sosial şəbəkələrdə tanış olub görüşmək adı altında müxtəlif vaxtlarda daha 12 nəfəri “Qanlı göl” adlanan əraziyə çağırıb onlara qarşı da quldurluq ediblər. Dəstə üzvləri həmin zərərçəkənlərin də şəxsiyyətlərini alçaldan hərəkətlər edərək mobil telefon vasitəsi ilə çəkiblər. Onların mobil telefonlarına baxış zamanı müxtəlif şəxslərə qarşı etdikləri hərəkətlər və hədə-qorxu videoları aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR