Bakıda inanılmaz hadisə: Qadın tarixi abidəni satışa çıxarıb

# 11:38
31 yanvar 2022

Azıx mağarasında deyilik. Binə sakinlərinin dili ilə desək, “Kəlbə Mehdi” hamamındayıq. Amma bu həyətdə yaşayan sakin bu tarixi tikilini mebel sexi kimi istifadə edir. Digər tərəfdən də bu hamam zibil poliqonu kimi istifadə edilir.

Üstündə heç bir inventar nömrəsi olmayan, hətta buranın tarixi abidə olmasını sübut edən heç bir lövhə qoyulmayan bu tarixi tikili ömrünün son günlərini yaşayır desək, yanılmarıq. Son nəfəsini də elə zibilliklərin cəngində verir.

Bura çıxmağımızın səbəbi var. Sağ-salamat, yıxılmadan çıxa bilsək, səbəbini elə yuxarıdaca sizə deyəcəyəm. Nəhayət ki, çıxa bildik. Sizə də göstərmək istəyirik ki, gördüyünüz bu tarixi mədəniyyət nümunəsinin gümbəzlərinin yanında göyərçinlər bəslənir.

Digər tərəfdən də “Azərişıq” ASC tərəfindən hamamın təxminən 1 metr məsafədə qoyulan transformatordan birbaşa evə işıq xətti çəkilib. Özü də tarixi mədəniyyət nümunəsinin üzərindən. Yüksək gərginlikli naqillər də açıqdır. Nəzər alsaq ki, bu həyətdə yaşayan azyaşlılar gündə bəlkə də 5-6 dəfə hamamın üzərinə asanlıqa çıxırlar, onda bunun nə qədər təhlükəli olduğunu anlamaq elə də çətin deyil.

Bəli, bax o zaman yarana biləcək sorakı ən böyük faciə qaçılmaz olacaq. Hə, onu da deyək ki, ağzına qədər zibillərlə dolu olan hamamı çəkməyə getdiyimizi görən Binə qəsəbə icra nümayəndəliyi sözün əsl mənasında özlünə “əl qatdı”.

APA Televiziyasını ərazidə olduğunu bilən Binə kənd İcra nümauəndəliyi tarixi abidənin içində aylardır yığılıb qalan zibillərin təmizlənməsi üçün göstəriş verdi. Əraziyə dərhal Xəzər MKTB-nin nümayəndələri gəlib hamamı zibillərdən təmizlədilər.

Amma problem təkcə bununla bitmir. Bu tarixi mədəniyyət nümunəsi yerləşdiyi ərazi həyətdə yaşayan Binə sakini Qətibə Məmmədova tərəfindən artıq satışa da çıxarılıb. Səbəbini də belə izah etdi: “Mənim 6 övladım var. Heç birinə şərait qura bilmirəm. Neçə dəfə müraciət etmişəm, heç kəs keç nə etmir. Hamı gəlir, hər il şəkil çəkir. Niyyətim odur ki, bunu ev qarışıq hökümət alsın, mən də balalarımla bir yana çıxım. Heç birinin heç nəyi yoxudur. O qədər belə sənəd zad düzəldib satırlar ki, mən də satacam. (Və gülür)”.

Tragikomik vəziyyətdir, elə deyilmi? Qətibə Məmədovanın yaşadığı ev də uçmaq təhlükəsi ilə üzləşib. 6 övladına gün-güzəran qurmaq istəyən bu qadının yeganə dərdi evsizlikdir. Sosial vəziyyətləri olduqca aşağıdır. Hətta aylarla üst-üstə yığılan kommunal xərcləri belə verə bilmirlər. Elə bu səbəbdən də tarixi tikilinin olduğu həyəti bütövlükdə satmaq istəyir: “Evimi də gəlib baxırlar deyirlər nəbadə sökəsiniz. Təmir etdirməyə qoymurlar ki, daşlar qədimidir, Nikolaydan qalıb. Artıq qalan əşyalarımızı da bu hamamın içinə yığırıq. Nə edək?”

Bax elə bu sualın cavabını da əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətindən almaq istədik. Amma İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanovun reaksiyası gözlədiyimizdən fərqli oldu. Əvvəlcə zəngimizə cavab vermədi. Sonra isə nömrəmizi blokladı. Çarəsizlikdən yerli sakinlərin birinin nömrəsi ilə əlaqə saxladıq. Nəhayət ki, cavab verdi: “Olan-qalan əsəbini bizdən çıxarmağa çalışan şöbə müdirinin ardınca Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Aldığımız cavab isə tragikomik oldu. Xidmətin mətbuat katibi Fariz Hüseynov bildirdi ki, ümumiyyətlə bu abidənin harada yerləşdiyini bilmir, hətta belə bir abidənin varlığından da bixəbərdir”.

Yerli sakinlər deyir ki, bu tarixi tikilinin 200-dən yuxarı yaşı var. Deyək ki, tarixi hamam satıldı. Yəni Qətibə Məmmədovanın da dediyi kimi, “sənəd-sünəd”işlərini şirinliklə düzəldib, ərazini kiməsə satdılar. Bəs, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nə düşünür, tarixi və mədəni irsimizə qayğı beləmi göstərilir? Hər şey əlinizə bir kağız alıb, medianı da başınıza yığıb “ötən il bu işləri gördük, cari ildə də bunları edəcəyik” deməklə bitmir axı... Hər şey sizin brifinqlərdə söylədiyiniz kimi olsaydı, tarixi abidə bu gün asanlıqla satışa çıxarılmazdı.

AYTƏN SAKİTQIZI

XƏYAL İSKƏNDƏROV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR