Bakıda region ölkələrinin gömrük xidmətləri rəhbərlərinin görüşü keçirildi

# 19:43
15 mart 2023

Martın 15-də Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib. Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri və təmsilçiləri,  Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvoxid Azimov, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, hazırki geosiyasi şəraitdə Orta dəhlizin imkanlarından maksimal şəkildə istifadə etmək lazımdır. Onun sözlərinə görə, yük təyyarələri, gəmi potensialının artırılması sahəsində böyük işlər görülüb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti tikilib və istifadəyə verilib, bu xəttin nəqletmə gücünün artırılması istiqamətində də işlər aparılır. Rəşad Nəbiyev əlavə edib ki, nəqliyyat və infrastruktur potensialının artırılması ilə yanaşı, dəhliz çərçivəsində koordinasiya məsələləri də çox vacibdir.

 

“Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu tariflərin unifikasiya edilməsinə dəhlizboyu yerləşən müvafiq qurumlar birgə nəzər yetirir”.

 

Bunu isə çıxışında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib. O bildirib ki, hədəf rəqəmsal həllər vasitəsilə tranzit potensialının inkişafına xidmət edən alətləri tətbiq etmək və Transxəzər Beynəlxalq Şərq-Qərb Dəhlizi boyu "Bir pəncərə" prinsipi vasitəsilə bu prosedurların həyata keçirilməsinə nail olmaqdır.

 

Orta Dəhliz Qafqaz və Mərkəzi Asiya ölkələri üçün də böyük əhəmiyyət kəsb edir.

Bunu isə çıxışında Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya deyib. O qeyd edib ki, Orta Dəhliz Asiyanı Avropa ilə bir-birinə bağlayır. Məqsəd odur ki, ticarət arasıkəsilməz qaydada işləsin və böyük səmərə versin. Məhz ona görə də bu dəhlizin beynəlxalq ticarət nöqteyi-nəzərdən əhəmiyyəti böyükdür. ÜGT-nin Baş katibi bildirib ki, dəhlizin keçdiyi ölkələr gömrük prosedurlarını sadələşdirməlidir.

 

TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev, iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov salamlama nitqləri ilə çıxış ediblər, Birləşmiş Millətlər Təşkilatının Avropa üçün İqtisadi Komissiyasının icraçı katibi Olga Algayerovanın videomüraciəti iştirakçıların diqqətinə çatdırılıb.

Sonra Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya “Beynəlxalq ticarətdə gömrük tranzitinin rolu”, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvoxid Azimov isə “Orta Dəhlizin inkişafı: Türk Dövlətləri Təşkilatının baxışı” mövzularında çıxış ediblər.

 

Görüşdə Azərbaycan gömrük xidmətinin mütəxəssisləri tərəfindən hazırlanan Transxəzər Tranzit Portalının təqdimatı keçirilib və bidirilib ki, bu tətbiq mal və nəqliyyat vasitələrinin bir bəyannamə əsasında dəhliz boyu hərəkətinə, məlumatların elektron  qaydada mübadiləsinə, əvvəlcədən təqdim edilmiş gömrük tranzit bəyannaməsinin tranzit sənədi kimi istifadəsinə imkan yaradacaq.

 

Həmçinin portal gömrük xidmətlərinin asanlaşdırılması və səmərəliliyinin artırılması, risklərin təhlili əsasında gömrük nəzarəti formalarının tətbiqi barədə qərar qəbul edilməsi, gömrük nəzarəti nəticələrinin mübadiləsi baxımından da mühüm əhəmiyyət daşıyır.

 

Qeyd edildi ki, tərəflər müzakirə olunan məsələlərin qısa vaxt ərzində reallaşdırılmasını hədəf kimi müəyyən edib ki, bu da orta dəhlizin cəlbediciliyinin artırılmasına, Şərq-Qərb marşrutu üzrə yüklərin daha qısa vaxt və  vəsait hesabına daşınmasına, ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsinə mühüm imkanlar yaradacaq.

 

Fuad Sadıqov

Ceyhun Mustafayev

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR