Başsız dəbilqələrə tutulan yas – BİZİM ŞƏRH

# 16:31
15 aprel 2021

27 sentyabr 2020-ci il... Bu tarix Vətən Müharibəsinin başladığı gün kimi tarixə düşsə də, eyni zamanda körpə Şəhriyar və Fidanın həyatlarının son günü oldu. Çünki ermənilərin həmin gün saat 18:00 radələrində dinc əhalinin yaşadığı Naftalanı raket atəşinə tutması nəticəsində Şəhriyar və bacısı Fidanla yanaşı, babaları Elbrus, nənələri Afaq və Şəfayət də həlak oldu.

 

Amma təəssüf ki, bu son olmadı. 17 oktyabr, hər kəsin şirin yuxuda olduğu bir gecə... Düşmən bu dəfə Gəncəni hədəf seçmişdi. Binanın dağıntılar altında qalan sakinləri arasında azyaşlı bacı və qardaş - Məryəm və Orxan Xəlillilərin də cəsədləri vardı.

 

Düşmən təxribatı balaca Nilayı bundan sonra ata və anasız böyüməyə vadar etdi.

 

10 gün sonra, yəni oktyabrın 27-də isə erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində 2013-cü il təvəllüdlü Aysu İsgəndərovanın həyatı yarımçıq qaldı.

 

Amma bu da son olmadı. Düşmən öz düşmənliyindən əl çəkmədi. Yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 7-ci sinif şagirdi Artur Mayakov, 9-cu sinif şagirdi Fərid İsgəndərov, 10-cu sinif şagirdləri Nigar Əsgərova və Orxan İsmayılzadə də həyatları ilə vidalaşdı.

 

Səngərdə, döyüşlərdə öldürülən erməni əsgərlərindən fərqli olaraq, onlar həyətlərində, evlərində, bağçalarında düşmənin hədəfinə çevrildi. O zaman onlar üçün üzüldünüzmü? İçinizdəki o “humanizm” sizi narahat etdimi? Gələcəyimiz sayılan o körpələr üçün klaviatura arxasında oturub “qəhrəmanlıq” etmək ağlınızdan keçdimi? Təbii ki, yox.

 

Cəmi 5 ay keçib Vətən Müharibəsindən. Amma bəziləriniz dinc körpələrin həyatlarına son qoyan erməniləri bağışladınız. Onlara qahmar çıxmağa, xoş gəlməyə çalışırsınız. Niyə, nə üçün? Axı 3 mindən çox şəhidi necə unutmaq olar? Hələ ömrünün gənc çağlarında əlil olan, ayağını, gözünü, əlini itirən 18-20 yaşlı gəncləri demirik.

 

"Atatürk yunan bayrağını ayaqlar altından qaldırdı", "Bu addım sülh çağırışlarına uyğun gəlmir", “Avropa nə fikirləşər?” kimi mənasız arqumentləriniz bu sadaladıqlarımızın yanında çox cılız görünür. Həmin Avropa Gəncə, Bərdə və Naftalan bombalananda niyə səsini çıxarmadı, Ermənistana güldən ağır söz demədi? Həmin Avropa 27 il BMT-nin qətnamələrini icra etmədi, 44 günlük müharibə dövründə də Fransa kimi bəzi Avropa dövlətlərinin də münaqişə ilə bağlı mövqeyini gördük. Maraqlıdır, Avropa ancaq bizə təzyiq etmək üçündürmü?

 

Əslində başsız qalan dəbilqələrə yas tutmağınızı anlamaq o qədər də çətin deyil. Çünki “humanistliyinizi” kimlərəsə nümayiş etdirmək, kimlər üçünsə yaxşı olmağa çalışırsınız.

 

Amma Azərbaycan xalqı bu tarixi unutmayacaq. Tarixlə yanaşı, sizləri də unutmayacaq.

 

Türk əsgərinin işi tarix yazmaqdır. İgid oğullarımız üzərlərinə düşən o işi layiqincə yerinə yetirdi. Yazılan tarixi isə bir yerdə öyrənmək olar - Hərbi Qənimətlər Parkında. Başqa sözlə desək, halına yandığınız, başsız qalan o dəbilqələrin nümayiş olunduğu yerdə...

 

Mirislam Əhmədoğlu

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR