Bərdənin Qarayusifli kəndində törədilən terrordan bir il ötür

# 15:02
27 oktyabr 2021

27 oktyabr Vətən müharibəsinin bir ayının tamam olduğu gün. Dayaq məntəqələrini, müşahidə postlarını itirib geri çəkilən ermənilər, əllərində olan bütün reaktiv artilleriya qurğularından Azərbaycanın yaşayış məntəqələrini atəşə tuturdu. Günorta saatlarınadək, xüsusilə, Tərtər minaatan, top və qrad mərmisinin yağışına tutulur. Ancaq onlar bununla da kifayətlənməyib sərhədə yaxın yerləşən kənd və rayonlarımıza da atəş açırdılar. Bunun nəticəsi idi ki, Bərdənin Qara Yusifli kəndindən dəhşətli xəbər alırıq.

 

Raket düşüb... ölən və yaralananlar var... APA TV-nin çəkliş qrupu hadisə yerinə çatır... kənd sakinləri çaşqınlıq içindədir. Çünki döyüş gedən ərazilərdən çox uzaqda sakit və gündəlik işləri ilə məşğul olan Qarayusifli sakinləri birdən - birə raket hücumuna məruz qalmışdı...

 

- Səsə gəldim, dedilər düşdü onlar tərəfə. Gəldim gördüm ki, oğlum rəhmətə gedib. Gəlinimi də aparıblar xəstəxanaya, nəvəmi də aparıblar. Kənddə eyni vaxtda 5 nəfər ölüb. Biri azyaşlı uşaqdır, ikisi qadındır.

 

- Nəvələrim yanımda idi. Üzü üstə yıxıldım uşaqların üstünə. Qəlpə tökülüb evin üstünə. Mənim də ayağıma dəyib. Ölənlərim oldu, qonşularım hamısı öldü.

 

- Bu gün oğlum məni əvəz edib gəlmişəm. Bu gün mən paltar dəyişməyə gəlmişəm. Ayın 29-dan mən yuxarıdayam. Ad çəkmirəm, qəlbidəyik. Texnikamızla, kömək edirik. Gücümüz çatanı kömək edirik. Allah sizə dəyməsin. Sizdə çəkib işıqlandırırsınız, ordumuza dəyməsin şəhidlərimizin qanı yerdə qalmasın. Prezidentimizə dəyməsin qalan düzələn şeyləridir.

 

Bəli, həmin vaxtlar hamı ev-eşiyini malını, pulunu, hətta öz canını belə dövlətinə və ordusuna qurban deyirdi. Gözləri yolda, qulaqları səsdə Azərbaycan ordusundan qələbə xəbərini gözləyirdi...  Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsinin 44-cü gündə qələbə xəbərini verdi.

 

Çəkiliş qrupumuz yenə, bir ildən sonra Qarayusifli kəndindədir. Yenə mərmi düşən evlərin qonağıdır. Ayna xala həyətində oturub yun didir. Gəlişimizin səbəbini bilmir, çaşqınlıq içində üzümüzə baxır. Əslində həmin gecə hansı libasda görmüşdüksə, elə bu gün də həmin geyimdədir. Ayna xala deyir ki, o gündən indiyə kimi özünə bazarlıq etməyib. Deyir ki, hər gün ağlayır, qonşularının yasını tutur:“Kaş mən öləydim, Aysu ölməyəydi, körpələr ölməyəydi. Yaxşı qonşularım getdi. Qonşum Ofanı gözüm axtarır. Aysu tez-tez gəlib burda mənə nənə deyirdi. Ehtiramı, qonşum Aybənizi, birdə Almazı xatırlayıram. Burda yun didə-didə burda bayatı deyirəm. Kaş qonşularım ölməyəydi... yaxşı qonşular idi.”

 

Kiçik Aysu, Rövşən və Mətanətin evliliyinin ilk övlad payları idi. Terror ailənin ilk övladı 11 iyun 2013-cü il təvəllüdlü Aysunun ölümünə səbəb olmuşdu. 3 yaşlı Tahirə isə yaralanmışdı... yelləncəyi boş qalan Aysunun valideynləri hələ də onun yoxluğuna inana bilmir. Atası Rövşən deyir ki, həmin gündən sonra Aysunun anası psixoloji problemlər yaranıb:“Uşaqları evdə tək qoyub, gecə gedirdim işə. Qorxmurdular, amma indi hamısı qorxur, axşam oldu deyirlər qorxuruq gəl evə. Evə gəlirəm ancaq telefonda ona baxıram. Bu bir il necə keçdi Rövşən ? –Çox çətin dayana bilmirəm telefonda baxıram, gecə səhərə kimi ağlayıram.”

 

İsa Cəfərov həmin gün 51 yaşlı anası Ofeliya Cəfərovanı itirib. Anaları Ofeliya İsa və  kiçik qardaşı Rövşəni təkbaşına böyüdüb. Ailənin güzəranı yaxşılaşdığı zaman isə erməni terroru onları anasız qoyub:“Anamız bizə ata olub, atalara dəyən ata olub. Zülmlə böyütmüşdü bizi. Bazarda peraşki satmışıq, xiyar yığıb kisələri çiynimizdə daşımışıq. Anam toylara getmiyib atamın yası çıxana kimi. Allah düşmənə lənət eləsin.”

 

Bütün yaşanan acılara qələbəmiz təsəlli olub deyən Ayna xala qələbədə payı olan hər kəsə minnətdarlığını bildirir: “Allah prezidentimizə dəyməsin. Allah ordumuza dəyməsin, şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizin Allah canın sağ eləsin ki, bizi bu günə çatdırdılar. Gələcək nəslimiz şad olar, firavan yaşayar, belə müharibə görməz. Biz gördük Allah geridəkilərə göstərməsin.”

 

Bəli, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən oktyabrın 27-si, saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən atəşə tutulması nəticəsində dinc sakinlər 51 yaşlı Cəfərova Ofeliya Məcid qızı, 61 yaşlı Əhmədova Aybəniz Əşrəf qızı və 7 yaşlı İsgəndərova Aysu Rövşən qızı, 40 yaşlı İsmayılov Ehtiram Xəlil oğlu, 49 yaşlı Əliyeva Almaz Saleh qızı  həyatını itirib. 14  nəfər isə qəlpə yarası alıb. Mülkü şəhidlərin ailə üzvləri kəndin mərkəzində hərbi və mülkü şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə kompleksi ucaldıb.

 

Habil Aslanoğlu, Ziya İsmayıloğlu APA TV, Bərdə

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR