Bir il öncə bu gün Tərtərin 4 sakini erməni terrorunun qurbanı olub

# 13:06
28 sentyabr 2021

Sizə erməni terrorunun qurbanlarından söhbət açacağıq. Onlar bəzən öz evlərində, bəzənsə köməyə ehtiyacı olan sivil insanlara yardım etməyə gedərkən düşmən terrorunun qurbanına çevriliblər. Döyüşün ikinci günü Tərtər rayonunda həlak olan Xaliq Abbasov, Elşən Abbasov, Sabit Əsədov və Mehman Əliyev kimi...

 

Dörd dinc sakinin eyni gündə həlak olması yaşayış məntəqələrinin hansı şiddətdə atəşə tutulmasının açıq təzahürü idi. Həmin gün şəhid olanlardan ikisinin qardaş olması isə sözün əsl mənasında ailə faciəsi idi. Söhbət Xaliq və Elşən Abbasov qardaşlarından gedir. Onlar Tərtər rayon Poladlı kənd sakinləri idi. Xaliqin 40, Elşənin isə 33 yaşı var idi. Hər ikisi iki övlad atası olan qardaşların birinin iki qızı birinin də iki oğlu əmanət qaldı.

 

Döyüşlərə qatılmaq üçün könüllü kimi müraciət edən qardaşlar səngərə yollanacaqları günə qədər Tərtər ərazisində dinc əhalinin yardımına gediblər. Elə bu yolda da həlak olublar. Sentyabrın 28-də düşmənin Şıxarx qəsəbəsinə atdığı mərmi onların həyatına son verib. Ailə üzvləri deyir ki, tək təsəlliləri torpaqların azad edilməsi və ordumuzun zəfər çalmasıdır:


- Gedib könüllü yazılmışdı. Deyirdi gedib şəhid olacağam. Gəlib uşaqlarla görüşüb qayıdıb getdi.  Axşam üstü idi, zəng gəldi ki, bəs ... zəng elədim qayınatama...

 

- Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin. Onların qanı hesabına, canı hesabına torpaqlar işğaldan azad oldu. Bir ona qürur duyuruq ki, torpaqlar azad oldu. Bu erməni dığalarının əlində qalmışdıq, onların hesabına şükür torpaqlar işğaldan azad oldu.

 

- Çox şükür ki, torpaqlar alındı. Amma mənim balalarım olmadı sevinən. Hamı onların qəbri üstünə gəldi ki, Xaliq, Elşən, gözünüz aydın torpaqlar alındı. Çox istəyirdilər döyüşlərə gedələr. Hərbi forma almışdılar formanı geyinə bilmədilər.

 

Abbasov qardaşları ilə eyni yerdə daha bir dinc sakin də həlak olub, Sabit Usub oğlu Əsədov... Əslən Ağdam rayon Sırxavənd kəndindən olan 40 yaşlı Sabit Əsədov doğma kəndlərinin işğalından sonra ailəsi ilə birlikdə Tərtərin Şıxarx qəsəbəsində məskunlaşıb. Yurd həsrəti ilə köçkün həyatı yaşayan şəhidin ən böyük arzusu dədə-baba torpaqlarının azad edilməsini görmək olub. Lakin düşmənin dinc – silahsız əhalini atəşə tutması nəticəsində həyatını onlarla dinc sakin kimi onun da bu arzusunun üstündən qara xətt çəkib.  Sabitin qardaşı İsgəndər Əsədov deyir ki, bir gün əvvəl günün ikinci yarısı yaralanıb: “Onu təcili Bərdə xəstəxanasına çatdırdıq. Gecə saat 11 radələrində dünyasını dəyişdi. Şəhidlərimiz də oldu, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qanları yerdə qalmadı. Prezidentimizlə fəxr edirik. İtki versək də işğalda olan torpaqlarımızı azad elədik.”

 

Sabitin həyat yoldaşı Səadət Əsədova həmin günü göz yaşları ilə xatırlayır: Yoldaşımla danışırdım. Gördüm nəsə səs gəldi, amma nə idi bilmədim. Elə bil məni üşütmə tutdu, sanki nəsə pis xəbər eşidəcəyəm kimi pis olmuşdum. Nə isə bir xeyli keçdi götürüb yenidən zəng etdim məşğul getdi. Dedim yəqin danışır salamatdır, heç nə yoxdur. Sonra yenə zəng vurdum başqa bir adam götürüb dedi ki, bəs mən filankəsəm yoldaşın yaralanıbdır. Hamı ilə danışdım məni aparmadılar xəstəxanaya. Dedilər nə isə öyrənsək sənə deyərik. Onda bildim ki, nə isə olub... Özü olsaydı bu günə çox sevinərdi. Çox istəyirdi ki, yazılıb müharibəyə getsin.” 

Döyüşün ilk günü yaşayış məntəqələrinə - dinc sakinlərə tuşlanan düşmən artilleriyasının mərmiləri Tərtərdə daha bir dinc sakinin həlak olmasına səbəb olub. Rayonun mərkəzində, yaşadığı evin yaxınlığında ölən 1977-ci il təvəllüdlü Mehman Sovet oğlu Əliyev də terror qurbanlarındandır. Mehman Əliyevin həlak olması bir ailəni başsız, üç övladı atasız qoyub.



Elgün Gəncimsoy, Ziya İsmayıloğlu, APA tv – Tərtər 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR