“Qazi” adı altında polisi şantaj edən Orxan əslində kimdir? - VİDEO

# 22:56
13 yanvar 2022

Vətən müharibəsi zəfərlə başa çatdı. Zəfər sevincindən isə hər kəsə pay düşdü. Bu müharibədə iştirak edib canını düşmən gülləsinə sipər edən oğulullarımızın bizə yaşatdığı duyğunu sözlə ifadə etmək çətindir. Biz bu gün onlara “qazi”, “Vətən Müharibəsinin iştirakçısı” və ən əsası “qalib Azərbaycan Ordusunun mərd oğulları” deyirik. Sözün əsl mənasında bizim qəhrəmanlarımız, özləri, izləri ilə cəmiyyətə örnək olan oğullar... İndi onların məsuliyyəti bir yox, bir neçə dəfə artıqdır. Çünki davranışları ilə də örnək olmalı, nümunəvi yaşamalıdırlar.

Ancaq təəssüf ki, bəzən bunun əksinin şahidi olur, bəzən də “qazi” adından süi- istifadə edən dələduzlarla rastlaşırıq.

Hadisənin mahiyyətinə gələk... Bu gün özünü Vətən Müharibəsi qazisi kimi təqdim edən bir neçə şəxs Daxili İşlər Nazirliyinin qarşısında mediaya açıqlama verərək polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldıqlarını iddia ediblər.

Onlar onlayn yolla yemək çatdırma xidməti həyata keçirdikləri üçün gecə saat 12-dən sonra da fəaliyyət göstərdiklərini deyiblər.

Həmin şəxslər bildiriblər ki, Sabunçu rayonunda yerləşən obyektin qapısı bağlı olarkən içəridə 4 işçi olub.

DİN mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev nazirliyin qarşısında toplanan şəxsləri qarşılayaraq mediaya açıqlama verib.

O bildirib ki, karantin rejiminə görə obyektlər gecə saat 12-dək fəaliyyət göstərə bilərlər:

“Yanvarın 11-də həmin obyekt gecə saat 04-ə qədər işləyib. Ərazidə olan polis əməkdaşları daxil olan məlumat əsasında tam qanuni olaraq obyektə baxış keçiriblər. Məlum olub ki, obyekt karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərir”.

E.Hacıyev qeyd edib ki, vətəndaşların təzyiqə məruz qalması ilə bağlı iddialar araşdırılacaq:

“Özünü qazi kimi təqdim edən və orada olduğunu bildirən Orxan İmanov baxış keçirilərkən obyektdə olmayıb. Bu şəxs bir neçə obyektlərdə qazi adı altında “qazilərin obyektidir”, “qazilərin iş yeridir” deyərək havadarlıq edir. Dəfələrlə bu şəxslə profilaktik söhbətlər aparılıb”.

Yeri gəlmişkən, Orxan İmanov əvvəlcə hadisə zamanı orada olduğunu desə də, sonradan bunu təkzib edib. O iddia edib ki, İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.

Məlumata görə, həmin restoranın Orxan İmanova heç bir aidiyyəti yoxdur, tamamilə, başqa bir şəxsin adınadır. Özünü Vətən Müharibəsi qazisi kimi təqdim edən Beyləqan rayon sakini, 1991-ci il təvəllüdlü İmanov Orxan Sərxan oğlu Qarabağ müharibəsində, ümumiyyətlə, iştirak etməyib. Gizir rütbəsində olan Orxan 2019-cu ildə səhhətində yaranan xəstəliyə görə ordu sıralarından tərxis edilib. Özünün aksiya zamanı təqdim etdiyi vəsiqədə də 2019-cu ildə xəsarət aldığı, 2020-ci il mayın 5-də ona vəsiqənin təqdim edildiyi qeyd edilib. Onun 2020-ci ildə Vətən Müharibəsində iştirak etməsi və buna görə dövlət mükafatlarına layiq görülməsi barədə iddialarının yalan olduğu qeyd olunur.

Deputat Cavid Osmanov baş verən hadisəyə münasibət bildirərkən qeyd edib ki, Azərbaycan hüquqi bir dövlətdir və hüquq qarşısında hər bir vətəndaş bərabərdir. Bu baxımdan da Azərbaycan dövləti tərəfindən istər şəhid ailələlərinin üzvlərinə, istərsə də Qarabağ Müharibəsi əlillərinə hər zaman diqqət və qayğı göstərilir.

“Vətən müharibəsinin qəhrəmanları gələcək nəsilllərin tərbiyə olunmasın ən vacib rol oynaya biləcək şəxslərdir. Bəzi hallarda biz görürük ki, qazi adından sui istifadə edənlərdə var. Bu yolverilməzdir . Çünki qazilərimizin əksəriyyəti nümunədir. Amma sui istifadə halları da az deyil. Sanki qanunlar bunlar üçün yazılmayıb, digər vətəndaşlara aiddir. Qanun  qarşısında hər kəs bərabərdir.Onun statusundan asılı olmayaraq qanun qarşısında hamı bərabərdir və sui-istifadə halları yolverilməzdir”.

Hüquqşünas Şamil Paşayev də düşünür ki, heç bir status inzibati pozuntu törətməyə bəraət qazandıra bilməz:

“Inzibati xəta törədən şəxslər sosial vəziyyətindən, siyasi mənsubiyyətindən , əqidəsindən, dinindən, tutduğu mövqeyindən asılı olmayaraq qanun qarşısnda bərabərdilər. Elə eyni zamanda da Vətən müharibəsinin iştirakçısı olmaq, qazi olmaq inzibati pozuntu törətməyə bəraət və haqq qazandırıcı olmamalıdır. Qazi və şəhid ailəsi məhfumu cəmiyyətdə müqəddəs məhfum kimi qəbul edilir. Bu məhfumun adından yalandan istifadə etmək cəmiyyətdə ikrah hissi yaradır və hüquq mühafizə orqanları bu yalanı bağışlamır”.

Şamil Paşayevin fikrincə, qazilər Vətənin müdafiəsində və keşiyində dayandıqları kimi hüququn keşiyində dayanmalıdırlar ki, uğrunda canlarından keçdikləri ölkədə hərci-mərclik yaranmasın, hüquqi cəmiyyət formalaşa bilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR