Blinkenlə görüşə Makron niyə çağırılmadı? - Fransa arzusu yenə ürəyində qaldı

# 18:36
20 fevral 2023

Münhen Təhlükəsizlik Konfransında diqqətçəkən məqamlardan biri də, Fransanın geosiyasi məsələlərin müzakirəsindən kənarda qalması oldu. Münhendə ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə baş tutan Azərbaycan və Ermənistan liderlərinin görüşü aydın göstərdi ki, Fransanın bu prosesdə heç bir yeri və rolu yoxdur.

Xüsusi olaraq bildirək ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə uğurlu başlanğıc götürmüş Brüssel formatının sonrakı mərhələdə pozulması da məhz  Fransanın təşəbbüsü öz əlinə götürmək cəhdindən sonra baş verdi.

 

Deputat Arzu Nağıyev də düşünür ki, bu gün Fransa Ermənistanı birmənalı şəkildə dəstəkləyir və bu siyasət prezident Makronun birbaşa siyasi xəttidir. O əlavə edib ki, üçtərəfli görüşdə Fransanın iştirak etməməsi Parisin vasitəçilik missiyasından kənarda  qaldığına işarədir.

 

Siyasi şərhçi Fuad Çıraqov da bildirir ki, Fransanın bölgədəki vasitəçilik missiyası etik normadan uzaqdır və Makron konkret tərəf sayılır. O əlavə edib ki, rəsmi Paris Ermənistanı dəstəkləməklə həm də Avropa İttifaqının vasitəçilik təşəbbüslərinə zərbə vurdu.

 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays üçtərəfli görüşdə sülh sazişi istiqamətində əhəmiyyətli irəliləyişlər əldə olunduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR