Şəhidlərin adlarının əbədiləşdirilməsinə nə mane olur? - ARAŞDIRMA

# 11:10
1 may 2021

44 günlük Vətən Müharibəsindən sonra şəhidlərin adının əbədiləşdirilməsi ən ümdə məsələlərdən birinə çevrilib.

 

APA TV-nin məlumatına görə, paytaxtda və bölgələrdə şəhidlərin adına ehsan bulaqları, parklar salınıb, onların xatirəsinə məlumat lövhələri yerləşdirilib.

 

Elə bizimlə həmsöhbət olan şəhid valideynləri də bildirirlər ki, ən böyük arzuları övladlarının adının daimi olaraq əbədiləşdirilməsi, onların adının küçə, məktəb və digər sosial obyektlərə verilməsidir:

 

Şəhid Saməddin Fərziyevin anası Mələk Nəciyeva deyir ki,  övladımın adına ya bir məktəb, ya bir bağça, ya bir küçə olsun: “Övladımın adını daşıyan bir şey olsun ki, oğlumun adı həmişə yaşasın. Mən bunu istəyirəm, arzumdur. Belə olsa, yaddan da çıxmaz. Adı dillərdə gəzər. Uşağımın adı qoy həmişə dillərdə olsun, yaddan çıxmasın, yaddaşlarda qalsın”.

 

Şəhid Rövlan Məmmədovun anası Solmaz Məmmədova isə övladının adına keçə verilməsini istəyir: “Belə olsa, mən də rahat olaram. Çünki o uşağın geridə qalan xatirələri yoxdur daha. Ancaq o küçə oğlumun adına olsa, rahatlaşaram. Bir də istəyərdim ki, hansısa bir məktəb oğlumun adını daşısın. Çünki o uşağın heç bir arzusu yerinə yetmədi. Hər bir arzusu ürəyində getdi balamın”.

 

Şəhid Ələkbər Ələsgərovun anası Sveta xanım deyir ki, oğlundan heç bir nişanə qalmayıb. Oğlunun adının hər hansı bir məktəbə və ya küçəyə verilməsi ana üçün böyük təsəlli olar: “O, Vətənini sevgisindən, atasından, anasından uca tutdu. Həmişə Vətənini uca məqamda tutdu. İstərdim ki, onun adını harasa qoysunlar, çünki onun övladı yoxdur. O, 22 yaşında ömrünün ən gözəl çağlarını, çiçəklənən vaxtlarını Vətənə, torpağa həsr elədi”.

 

Şəhid Həsən Həsənovun anası Məryəm Həsənova da oğlunun adının əbədiləşdirilməsini istəyir: “Mən bütün şəhid anaları kimi övladımın adının əbədiləşməsini istəyirəm. İstəyirəm ki, balamın və digər şəhidlərin şəkilləri, plakatları qoyulsun. Oğlumun adı məktəbə, küçəyə verilsin. Balamın adı həmişə uca olsun. Biz analar da fəxr edək ki, bizim övladlarımız unudulmur”.

 

Şəhidlərin adının oxuduğu məktəblərə, yaşadığı küçələrə verilməsi ilə bağlı işlərin hansı istiqamətdə aparıldığını öyrənmək üçün Təhsil Nazirliyi və bir neçə yeri icra hakimiyyəti orqanı ilə əlaqə saxladıq. Qurumlardan bildirildi ki, bu məsələ Nazirlər Kabinetinin səlahiyyətində olan bir məsələdir. İcra hakimiyyəti strukturları bununla bağlı Nazirlər Kabineti qarşısında yalnız vəsatət qaldıra bilər.

 

Məsələyə münasibət bildirən Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib ki, şəhid adlarının məktəblərə və küçələrə verilməsi Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə, yəni “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında qərarla təmin olunur. Həmin qərarın 3-cü bəndinin 3-cü müddəasında isə göstərilir ki, şəhid statusuna malik şəxsin adının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün yerli icra hakimiyyəti orqanları Nazirlər Kabineti qarşısında vəsatət qaldırmalıdır. Bundan əlavə, həmin şəhid ya Azərbaycanın Milli Qəhrəmanı olmalı, ya da Vətən uğrunda döyüşlərə görə ən azı iki ordenlə təltif olunmalıdır.

 

44 günlük Vətən Müharibəsindən sonra Milli Məclisin plenar və növbədənkənar iclaslarında bir sıra deputatlar bu məsələni dəfələrlə gündəmə gətiriblər. Deputat Əli Məsimli bildirib ki, qanunvericilikdə şəhid adının əbədiləşdirilməsi ilə bağlı tələblərə yenidən baxılmalıdır: “Şəhid adının əbədiləşdirilməsi, şəhid ailələrinə edilən güzəştlər haqqında dəyişikliyin əhəmiyyəti barəsində bir neçə söz demək istərdim. Bu, təkcə həmin dəyişikliyə yox, ümumiyyətlə, şəhid adının əbədiləşdirilməsi istiqamətində görülən işlərə böyük impuls verəcək”.

 

Deputat deyir ki, şəhid valideynləri ilə görüşlər zamanı onlar da mövcud qanunvericiliyin şərtlərinin ağır olduğunu qeyd edirlər: “Biz şəhidlərin məzarlarını ziyarət edən zaman onların valideynləri də bizim yanımızda olur. Mən şəhid valideynlərinin qaldırdığı iki məqamı xüsusi qeyd etmək istərdim. Məsələn, biz Şəkinin Suçma kəndində olanda şəhid atası bildirdi ki, bizim kəndə cəmi 1 məktəb və 1 şəhid var. Amma qanunvericilikdə elə tələblər qoyulub ki, həmin məktəbin mənim oğlumun adına qoyulması mümkün deyil. Ona görə də hesab edirəm ki, şəhidlərlə bağlı qanunvericiliyə yenidən baxılmalı, sadələşdirilməlidir. Kəndlərdə, şəhərlərdə şəhidlərin adını məktəblərə, küçələrə verməklə bu işi genişləndirmək olar”.

 

Ümid edək ki, Nazirlər Kabineti şəhid valideynlərinin bu istəyini nəzərə alıb, Vətən müharibəsində canını fəda edən qəhrəmanların adlarının oxuduğu məktəblərə, yaşadığı küçələrə verilməsi istiqamətində mövcud qərara əlavə və dəyişikliklər edəcək.

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR