Bu ana otuz ildir oğlunun şəklini qoynunda gəzdirir

# 11:40
14 aprel 2022

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Fərruxda itkin düşən hərbiçilərimizdən biridə Kürdəmir rayon sakini Bədəl Babası oğlu Zeynalovdur.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Bədəl Zeynalov 1973-ci ildə Kürdəmir rayonunun Pirili kəndində çoxuşaqlı bir ailədə dünyaya göz açıb. 7 qardaş 3 bacının 7-si olan Bədəl 1980-90-cı illərdə Pirili kənd tam orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra birinci Qarabağ müharibəsinin ən şiddətli vaxtında, 1992-ci ilin may ayında həqiqi hərbi xidmətə yollanıb. Salyan rayonunda bir müddət təlim keçdikdən sonra Astaraya oradan isə döyüş bölgəsi olan Ağdama gedib. İlk gündən Ağdam rayonunun Sırxavənd, Gülablı, Parakənd, Mərzili, Əmrahlı və Çıldıran kəndləri uğrunda gedən qeyri-bərabər döyüşlərdə iştirak edib.

Son döyüşü Fərrux dağı uğrunda gedən döyüşlərdə itkin düşüb. Yaxınlarının 30 illik axtarışlarına baxmayaraq Bədəlin taleyindən heç bir xəbər olmur. Oğul itkisinə dözə bilməyən ata Babası Zeynalov 2003-cü ildə dünyasını dəyişir. Anası Mənurə xanım isə hələ də sinəsində şəklini gəzdirdiyi oğlunun yolunu gözləyir: “Oğlum hələ uşaqlıqdan çox mehriban, zirək bir uşaq idi. Fərrux dağında oğlumun itkin düşdüyü gündən bu günə qədər şəklini hər gecə özümlə yatırdıram”.

İndi ailə həsrətlərinə son qoyulacaq günü gözləyir.

Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR