Bu ərazilər Azərbaycana qaytarılacaq - Paşinyan açıqladı

# 17:12
28 iyun 2022

Ermənistanın baş naziri Nikol Paşinyan Laçın dəhlizinə alternativ çəkilən yoldan danışıb. O bildirib ki, yol işə düşdükdən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq.

Sitat: Yeni marşrut Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan Üçtərəfli Bəyanatda öz əksini tapıb. Ərazinin Rusiya sülhməramlılarının nəzarətində olması üçün Moskva ilə danışıqlar aparılır. Laçın şəhəri və Zabux kəndi Azərbaycanın nəzarətinə keçəcək. Bu ərazilərdə yaşayan ermənilər isə yeni evlərlə təmin olunacaqlar.

 

Xatırladaq ki, Laçın dəhlizinə alternativ olacaq yeni yol Azərbaycan tərəfindən çəkilir və yolun bu il ərzində istifadəyə verilməsi planlaşdırılır.

Bu ilin mart ayında Azərbaycan ordusunun Əsgəran rayonunun Fərrux yaşayış məntəqəsini nəzarətə götürməsi barədə də danışan Paşinyan qeyd edib ki, Bakı 2020-cilin noyabrın 9-da imzalanan üçtərəfli bəyanatın şərtlərini pozaraq Rusiya sülhməramlılarının mühafizə etdiyi ərazilərə girib və rəsmi Moskva da bu məsələdə susur. 

 

“Azərbaycan silahlı qüvvələri Rusiya sülhməramlılarının məsuliyyət zonasını işğal edib və hələ də orada qalır. Biz Moskvadan tələb edirik ki, Azərbaycan bölmələrinin Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılmasını təmin etsin".

 

Ordusundakı xəyanətdən də danışan Paşinyan söyləyib ki, 50-dən çox erməni hərbçi bu səbəbdən ittiham olunur: "Bu illər ərzində biz orduya tostlar qaldırmışıq. Belə çıxır ki, bizim üçün koordinatları tərtib edən şəxs Azərbaycan kəşfiyyatına işləyib, bizə yanlış koordinatlar verib”.

 

Baş nazir tələb olunan 20 km əvəzinə cəmi 10 km atan mərmilərin alınmasını xəyanət kimi qiymətləndirir. Türkiyə-Ermənistan məsələsinə də toxunan Paşinyan qeyd edib ki, “Türkiyədən səslənən “Zəngəzur dəhlizi” ifadəsi birbaşa Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə mane olur”.

 

Çıxışı zamanı davamlı olaraq rəsmi Bakını da ittiham edən Paşinyan qeyd edib ki, Azərbaycan son vaxtlar danışıqlar prosesini və 2020-cil ilin noyabrın 9-da imzalanan üçtərəfli bəyanatı pozur və eləcə də kommunikasiyaların bərpası məsələsində Ermənistanın maraqlarını nəzərə almır. 

 

O iddia edib ki, Azərbaycan regionda yeni müharibəni qanuniləşdirməyə, müharibə üçün legitimlik yaratmağa çalışır.

 

Baş nazirin ittihamlarına Azərbaycan Xarici İşlər Nazirliyi cavab verib: “Azərbaycan, Ermənistanın işğalçı siyasətinə rəğmən və ərazilərində onilliklər ərzində Ermənistan tərəfindən tətbiq edilmiş “hər şeyi məhv etmək” yanaşmasına baxmayaraq, ərazilərini azad etdikdən sonra iki dövlət arasında münasibətlərin normallaşması tərəfdarı və təşəbbüskarı olub. Məhz Azərbaycan dövlət başçısı, post-münaqişə mərhələsində beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsi əsasında sülh sazişinin imzalanması təklifi ilə çıxış edib. Hətta, Azərbaycan tərəfi Sazişin əsaslanmalı olduğu baza prinsiplərini də qarşı tərəfə təqdim edib. Paşinyanın iddia etdiyi kimi Azərbaycan müharibə istəsəydi, yəqin ki, bu addımlara ehtiyac qalmazdı. Əgər Azərbaycan müharibə istəsəydi, Ermənistanın 30 il ərzində yerlə yeksan etdiyi ərazilərin yenidən qurulması və bərpası üçün böyük səylər sərf edib, nəhəng işlər görməzdi”.

 

Paşinyanın “Azərbaycan üçtərəfli bəyanatları pozur” ittihamına cavab olaraq XİN bildirib ki, götürülən öhdəlikləri yerinə yetirməyən ölkə göz qabağındadır. 2020-ci ilin noyabrın 9-dan sonra Azərbaycan ərazilərinə diversantlar göndərən, Qarabağdakı qanunsuz silahlı birləşmələrini çıxarmayan və kommunikasiyaların açılmasını ləngidən məhz elə Ermənistandır.

 

Azərbaycan XİN-dən o da bildirilib ki, Ermənistan həqiqətən sülh istəyirsə, səmərəlilik əmsalı hər zaman aşağı olan və hazırda üzvləri tərəfindən açıq şəkildə fəaliyyətinin qeyri-mümkünlüyü etiraf edilən bir formatı dirçəltməyə zaman sərf etməkdənsə, öz siyasi iradəsini ortaya qoyub sülh istiqamətində konkret addımlar atmalıdır.

 

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR