Bu kəndin sakinləri su və yol probleminin həllini gözləyir

# 20:03
5 oktyabr 2021

Masallının Xırmandalı kənd sakinləri su və yol problemindən əziyyət çəkirlər.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, bir neçə aydır ki, sözügedən kənddə yaşayanlar bir maşın suya 25-30 manat verməklə susuzluğu aradan qaldırmağa çalışırlar. Elə ailə var ki, ay ərzində suya 100 manata yaxın pul xərcləyir. Nəticədə Xırmandalı camaatının həyətlərində belə mənzərə yaranır: evlərinin qabağında yığılıb qalan boş, ya dolu su qabları...  Hətta elə ailələr var ki, imkansızlıqdan yağış sularını toplayıb sonra məişətdə istifadə etməli olur. 


- Ailəyə həftədə bir baseyna çatmır. Bir baseynanın da qiyməti 25-30 manatdır. Cəlilabaddan bizə su, yardım göndəriblər 50 dənə 2 litrlik çəlləkdə. Biz onu işlətmişik. Bu haracan gedəcək?” 

- Doldurmaq üçün 8 manat pul verirəm. 5 manat təklif edirəm, deyir, yox, 8 manat ver, yollarınız pis gündə xarabadır, gələ bilmirəm. Ona görə məcbur olub 8 manat verirəm. 8 manata ayda 3 dəfə doldururam. Onu mən içim, uşaq yuyunsun?”

- Çirkli paltarlardır, 1 həftədir, yığılıb qalıb, yumağa su yoxdur. Çənimizdə su yoxdur. Ayda 3-4 dəfə biz onu doldururuq. 8 manat hər dolduranda pul veririk. Bu 8 manatlar bizə göydən tökülmür ki. Yağış yağanda qabları düzürəm suyun altına. İçməyə, çay qoymağa da ondan istifadə edirik.”


- Biz bilirik, su problemi respublikada, hətta dünyada böyük problemdi, amma artezian quyuları qazılsa, bizim heyvanlarımız, kənd təsərrüfatımız, özümüz insanlar əziyyət çəkmərik.”

 

Kənddən keçən xırda çay və kanallarda su yoxdur. İnsanlarla yanaşı, saxladıqları mal-qara da susuz qalıb.
 

Məsələ ilə bağlı aidiyyəti qurumlara üz tutduq. Viləşçay Su Anbarı İstismari İdarəsinin rəisi Rusif Kərimov  qeyd edib ki, məsələdən xəbərdardırlar və həlli üçün çalışırlar: “Gördüyünüz kimi Hacıtəpə kəndində hal-hazırda su var. Xırmandalı kəndinə də bu su gedir. Axşama qədər də Allah qoysa, bu kanallarda su olacaq. Mən özüm də indi oradan gəlirəm və axşam, sabaha qədər Xırmandalı kəndinin 4 tərəfində, hər bir tərəfində su olacaqdır.” 

 

Rayonun Xırmandalı kənd İcra nümayəndəsi Məhəmməd Yusifov ərazidə subartezian quyularının qazılması üçün müraciət etdiklərini bildirib: “Ərazidə subartezian quyuların qazılması ilə bağlı Rayon İcra Hakimiyyətinə ərazi nümayəndəliyimiz tərəfindən müraciət olunmuşdur. Ərazimizdə 3 kənd - Xırmandalı, Hacıtəpə, Ərəb kəndi olmaqla 3 subartezian quyunun qazılması nəzərdə tutulmuşdur və layihə qüvvəyə mindikdə ərazimizdə bu quyuların qazılması həyata keçiriləcəkdir.”

 

Xırmandalıda yaşayanların digər problemi isə yolla bağlıdır. Sakinlər deyir ki, yol problemi həyatlarını olduqca çətinləşdirir:

- Uşaqlarımız var, balarımız var, nəvələrimiz var. Bunlar məktəbə gedib gələ bilmirlər. Bu palçıqla hər gün qucağımızda gətiririk ora qədər, orada ayaqqabısını dəyişirik, paltarını dəyişirik, salırıq məktəbə. Kimə müraciət edək? Nətər edək? Biz bilmirik.  

 

- Çox pis əziyət çəkirik. Gecələr xeyrimiz, şərimiz olur və yaxud da təcili tibbi yardım gəlir. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Və yaxud da uşağımızın bi yeri xəstələnib. Yola çıxartmaq üçün biz boynumuza mindiririk həmin uşağı təcili yardımın qabağına çıxartmaq üçün.


Kənd sakinləri kimin nəyə gücü çatırsa, pul yığıb müvəqqəti bir yerə çıxmaq üçün yol çəkiblər. Amma bu problemin müvəqqəti həlli olub.

Ərazi icra nümayəndəsi Məhəmməd Yusifov bildirildi ki, keçən ilin avqust-sentyabr aylarında ərazidə qışa hazırlıqla bağlı ərazidə müəyyən işlər görülüb. Növbəti illərdə isə kəndin digər yollarının təmiri nəzərdə tutulub: “Kəndimizin əsasən təmir olunan yolları kəndimizin mərkəz yolları, maşınların gediş-gəliş yolları olmuşdur. Növbəti illərdə biz çalışırıq ki, məktəblərimizin gediş-gəliş yollarını da düzəlməsinə köməklik göstərək.”

Sakinlərin aidiyyəti qurumlardan istəyi odur ki, yol təmir edilsin, ən azından istifadəyə yararlı vəziyyətə gətirilsin. Kəndin icra nümayəndəsi isə gələcəkdə vəsait ayrılacağı təqdirdə problemin həll olunacağını bildirdi.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Masallı


 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR