Bu küçədə su gölməçələri və palçıq hərəkəti çətinləşdirir

# 18:10
14 iyun 2022

Göyçay şəhərində bəzi küçələrin bərbad hala düşməsi, çala-çuxurlu yollar, bir damcı yağış düşən kimi yolların palçığa qərq olması yerli sakinləri narahat edir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Göyçay şəhərinin Ənvər Məmmədxanlı küçəsində vəziyyət daha acınacaqlıdır.

 

Hətta yay fəslində şəhərdə belə palçıqlı yolların olması insanları təngə gətirib. Bu hal piyada və avtomobillə hərəkət edən insanlara əziyyət verir.

 

Sakinlər deyirlər ki, özəl şirkətə məxsus yük avtomobillərinin müntəzəm olaraq bu yolda hərəkəti yolda iri çalalar əmələ gəlməsinə səbəb olub. Elə ki, bir damcı yağış yağdı, arxda suyun səviyyəsi qalxdı küçəni su və lil basır. Küçədə keçilməz gölməçələr yaranır.

 

Sakinlərin sözlərinə görə, elə küçə quru olanda da burada nəfəs almaq o qədər də asan deyil. Quru yolda avtomobillərin təkərinin altından elə bir toz dumanı qalxır ki, elə bil səhrada qum fırtınasıdır.

 

Camaat deyir ki, bu tolu, gölməçəli küçə allahın da, bəndələrinin də yadından çıxıb. Kimə müraciət ediriksə edək, heç bir nəticə əldə edə bilmirik.

 

APA TV olaraq üz tutduq Göyçay rayon İcra Hakimiyyətinə və yerli bələdiyyə, soruşduq ki, ay bəylər və xanımlar şəhərin mərkəzində, göz qabağında dağılıb gedən küçəni unutmaqmı olar? Cavab verdilər ki, əraziyə baxış keçirilib, vətəndaşların şikayəti dinlənilib. İcra hakimiyyətindən dedilər ki, yaxın günlərdə su arxı lil və çöküntülərdən təmizlənəcək, yola su çıxmasının qarşısı alınacaq. Bundan əlavə yolun özəl şirkətə məxsus yük maşınlarının hərəkətinə görə, bərbad hala düşdüyü məlum olub. Bununla bağlı şirkət rəhbərliyi yol idarəsinə müraciət edib, müvafiq sənədləşmə işlərindən sonra yolun bərpasına başlanılacaq.

 

Məsələ ilə bağlı Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov APA TV-nin yerli bürosuna şifahi olaraq açıqlama verib. Amma bu açıqlama elə də ürəkaçan olmayıb. O bildirib ki, həmin ərazidəki su arxının mühafizə zolağının obyekt sahibləri tərəfindən zəbt olunub, ona görə texnikaların su arxına yaxınlaşması və orada qazıntı işləri aparması çətinləşib.

 

İsədik ki, sözügedən su arxını bir də sizə göstərək. Çünki bizim gödüyümüz odur ki, arx yolun kənarındadır və onun yenidən qazılması idarə müdirinin dediyi kimi çətin deyil.

 

Neçə illərdir ki, aidiyyəti qurum rəhbərlərindən bu su arxının qazılacağı və yolun təmir olunacağı vədini eşidən vətəndaşlar isə yenə ümid dolu gözlərlə problemin həllini gözləyirlər.

 

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR