Cəlilabad, Kürdəmir və Şəkidə şəhidlər dəfn edilib

# 16:15
14 sentyabr 2022

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısını alarkən şəhid olan Həsənov Səid Sarıbala oğlunun nəşi ailəsinə təhvil verilib.

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Əsədli kənd sakini, 1992-ci il təvəllüdlü Səid Həsənovun nəşi doğulduğu kəndə gətirilib.

 

Onun nəşi Əsədli kəndində torpağa tapşırılıb.

 

Qeyd edək ki, şəhid Səid Həsənov nişanlı idi.

 

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri Səid Həsənov 44 günlük Vətən müharibəsində də böyük şücaət göstərib və "Döyüşdə fərqlənməyə görə", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

Ermənistanın təxribatı nəticəsində şəhid olan Kürdəmir rayonunun Dəyirmanlı kənd sakini, 1991-ci il təvəllüdlü XTQ-nin giziri Nəzər Ağacəlil oğlu Əzizov son mənzilə yola salınıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhid Nəzər Əzizovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun yaxınları, rayon icra hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

 

Cənazə namazı qılındıqdan sonra şəhidin ruhuna dualar oxunub. Daha sonra şəhid Nəzər Əzizov rayonda yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

 

 

Azərbaycan Ordusunun əsgəri, 2003-cü il təvəllüdlü Şəki rayonu Kiçik Dəhnə kənd sakini Nihad Mehman oğlu Qasımovun cənazəsi bu gün doğulduğu Şəki rayonu Kiçik Dəhnə kəndinə gətirilib.

 

APA TV-nin Şimal-qərb bürosunun məlumatına görə, Nihad Qasımovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Şəki Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

 

Şəhid Nihad Qasımov doğulduğu Kiçik Dənhə kəndinin inzibati ərazisindəki Şəhidlər xiyabanında dəfn olunub. Şəhidin cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub.

 

Rövşən Almazoğlu, Vüqar Heydərov, Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR