Ceyhun Bayramov: “Diplomatik kanallarla rəsmi və qeyri-rəsmi məsləhətləşmələr oldu
“Son aylar Azərbaycan-İran münasibətlərində bəzi ziddiyyətli məqamlarla bağlı suallar ortaya çıxır. Hər iki tərəfdən bununla bağlı fikirlər səsləndirilib. Biz məsələlərə real baxmalıyıq”.
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, istənilən iki ölkə arasında, hətta digər qonşu ölkələrlə də fikir ayrılığı ola bilər: “Bu, istisna deyil. Fikir ayrılıqları olduğu təqdirdə bunu qonşuluq münasibətləri çərçivəsində müzakirə edərək həll yollarının tapılmasına tərəfdarıq. Azərbaycanın mövqeyi budur. Son həftələr qeyd olunan məqamlarla bağlı iranlı həmkarımla telefon danışıqları olub. Diplomatik kanallarla rəsmi və qeyri-rəsmi məsləhətləşmələr oldu. Hesab edirəm ki, müsbət addımlar atılıb və bundan sonra da atılacaq. Əminəm ki, İran-Azərbaycan münasibətləri hər zaman olduğu kimi müsbət məcrada inkişaf edəcək”.
Nazir onu da vurğulayıb ki, Azərbaycanı və İranı qonşu ölkə olaraq birləşdirən bağlar var və iki ölkə birlikdə xalqların, rifahı üçün layihələr icra edə bilər.