COVID pasportsuz universitetlərə daxil olan tələbələr məsuliyyətə cəlb olunacaqmı?

# 22:24
20 avqust 2021

Əyani tədris almaq istəyən tələbələr COVID pasportu ilə təhsil aldığı universitetə daxil ola biləcək.
 

APA TV xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Elşad Hacıyev bildirib ki, monitorinq qrupları həmin müəssisələrdə qəfləti monitorinqlər həyata keçirəcək. Onun sözlərinə görə, əgər kimsə yoxlayıcını yayındırıb daxil olubsa, məsuliyyət həmin şəxsin üzərinə düşməyəcək: “Təhsil müəssisələrində əyani tədrisə cəlb olunan 18 yaşından yuxarı tələbələr universitetə yoxlamadan keçmədən daxil olarsa, onların inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulmur. Bu hallarda təhsil müəssisəsi rəhbərliyi və yoxlayıcılar məsuliyyət daşıyacaq”. 


Bəs verilən yeni qərardan tələbələr məmnundurmu?

 

Universitetdə apardığımız sorğu zamanı tələbələr bildirdi ki, əyani tədris, onlayn tədrislə müqayisədə daha effektivdir. Bəzi tələbələr bu qərardan narazı olduqlarını bildirsə də, əksəriyyəti universitetlərdə virusdan qorunmaq üçün başqa çıxış yolunun olmadığını deyir:

- Mən özüm də vaksin olunmuşam. Məncə də tədrisin bərpası vaksin olunmaqdan keçir. Düşünürəm ki, insanlar vaksin olunmasa əyani tədrisin bərpası gözlənilmir.

- Vaksinasiyaya münasibətin müsbətdir. Düşünürəm ki, hər bir tələbə əyani tədris alması üçün vaksin olunmalıdır.


- Bu qərarla çox da razı deyiləm. Çünki belə çıxır ki, COVID-19 pasportu vacibdir, olmasa dərsə buraxılmayacaq. Deyilənə görə məcbur deyil vaksinasiya amma elə şərait yaranır ki, çıxış yolu qalmır bizə.

 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  bildirdi ki, qərar yeni olduğu üçün qanun layihəsi hazırlanma mərhələsindədir, yaxın həftələrdə ictimaiyyətə bununla bağlı məlumat veriləcək.

Qeyd edək ki, əyani tədrisə başlayacaq təhsil müəssisələrindəki monitorinq qruplarına Daxili İşlər Nazirliyinin əməkdaşları ilə yanaşı Təhsil Nazirliyinin və yerli icra hakimiyyəti orqanın nümayəndələri də cəlb olunacaq.

Semral Cavad
Əli Ələkbərov
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR