Daha uzun-uzadı reklamlar olmayacaq - YENİ QANUN GƏLİR

# 19:19
4 noyabr 2022

Bakıda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Audiovizual Şuranın təşkilatçılığı ilə audiovizual media sahəsində reklam fəaliyyəti ilə bağlı seminar keçirilib.

 

Tədbirdə İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, iki qurum arasında əməkdaşlıq, televiziya və radioda reklam fəaliyyətinin tənzimlənməsi barədə məlumat verib: “Reklam fəaliyyəti və bu sahədə ölkədə rəqabət mühitinin formalaşmasında rol oynayan əsas faktorlardan biridir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti olaraq əsas fəaliyyət istiqamətlərimizdən biri olan reklam qanunvericiliyinə nəzarət funksiyalarını həyata keçirərək istehlakçıların düzgün və keyfiyyətli məlumatlandırılması və bu sahədə rəqabətin pozulmaması üçün lazımi tədbirlər görülür”.

 

Məmməd Abbasbəylinin sözlərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Audiovizual Şura tərəfindən reklam fəaliyyətinə nəzarətlə bağlı birgə işçi qrup yaradılacaq.

 

O bildirib ki, reklam haqqında yeni qanun cari ilin avqust ayında Milli Məclisə təqdim olunub və hazırda baxılmaqdadır: “Rəqabət məcəlləsinin tələbləri və rəqabət məcəlləsinin izahı üzrə seminarların təşkili, ümumiyyətlə antiinhisar qanunvericiliyi, haqsız rəqabət qanunvericiliyi, təbii inhisarlara nəzarət, təbii inhisarlar haqqında qanunvericilik, təbii inhisarlara nəzarəti nöqteyi-nəzərindən antiinhisar xidməti tərəfində aparılan və qanunvericiliyə riayət olunması üzrə tələblərin bizima audiovizual media nümayəndələrimiz üçün təlimlərin aparılması nəzərdə tutulub”.

 

Audiovizual Şuranın sədri İsmət Səttarov isə reklam fəaliyyətinin tənzimlənməsi istiqamətində iki qurum arasında birgə fəaliyyətin təşkil edilməsini yüksək qiymətləndirib, bu sahədə nəzərdə tutulan işlər barədə məlumat verib: “Bu ilin əvvəli Azərbaycan televiziyaları bir gündə SD yayımı dayandıraraq, peykdə HD yayımına keçiblər və beləliklə öz yayım keyfiyyətlərini artırıblar. Bu il nəhayət uzun illərdən sonra Azərbaycanda yayımçıların və reklam agentlərinin assosiasiyası yaradılıb və uğurla işinə başlayıb və nəhayət uzun illərdən sonra Azərbaycanda reytinq ölçmə problemi həll olunub və hazırda yeni və çox müasir reytinq ölçən şirkət işinə başlayıb”.

 

Əlavə olaraq qeyd edək ki, reklam haqqında qanuna bir sıra dəyişikliklər gözlənilir. Yeni təkliflərə görə, reklamın saat ərzində 12 dəqiqə veriləcək, 1 saatda – 3 blok şəklində təqdim ediləcək.

 

20 dəqiqədən az olan proqramlar, uşaq və dini proqramlar reklamla kəsilə, rəsmi matəm günlərində reklam verilə bilməz. Həmçinin 1 sutkada 60 dəqiqəlik və maksimum 6 blok teleticarət verilməsi təklif edilib.

 

Bundan başqa məhsul (əmtəə) yerləşdirilməsi zamanı ekranda bildiriş - işarələmənin olması, xəbər, dini, uşaq proqramlarında məhsul (əmtəə) yerləşdirilməsinin qadağan edilməsi təklif olunub.

 

Sponsor təqdimatı isə 1 saatda 3 dəqiqə olmalıdır. Təqdimatda məhsuldan istifadə qadağandır. Xəbər və dini proqramlar isə sponsorun yardımı ilə hazırlana bilməz.

 

ŞƏMS QULİYEVA

FARİZ QULUYEV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR