Daxmada ailə quran, ölümü həyat yoldaşından axıracan gizlədilən Xalq şairi – RƏSUL RZA

# 11:03
3 may 2021

Şair Rəsul Rzan ilə bağlı maraqlı faktları təqdim edir.

 

APA TV Kulis.az-a istinadən xəbər verir ki, Rəsul Rza 1910-cu il mayın 19-da Göyçay şəhərində doğulub. Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla məşğul olub. Göyçayda dəftərxanada tərcüməçi və dilmanc işləyib. Qızlarını ilk dəfə məktəbə göndərdiyi və onlara çadrasız gəzməyə icazə verdiyi üçün İbrahim bəyin ailəsinə dindən dönmüş, bəhayi ləqəbi veriblər.

 

Xan qızı Natəvanla qohumluğu olan anası Məryəm şeiri, ədəbiyyatı çox sevdiyindən özü də şeirlər yazıb və onları əzbərində saxlayıb. Hər gecə uşaqlarını başına yığıb, onlara şeirlər, nağıllar oxuyarmış.

 

Rəsul Rza atasını çox erkən itirib. Dörd qız və bir oğlanla təkbaşına qalan Məryəm xanım oxumağı bacarsa da, heç bir yerdə işləməyib. Əri rəhmətə gedəndən sonra başsız qalan ailənin dolanışığı daha da çətinləşib. Rəsulun anası uşaqlarını da götürüb Bakıya köçmək məcburiyyətində qalıb. Dayısı Məmmədhüseyn onların ailəsinə köməklik göstərsə də, Bakıya köçəndən sonra Rəsul Rza çox gənc yaşlarından işləməyə, ailəyə kömək etməyə məcbur qalıb.

 

Rəsul 1925-ci ildə Gəncə sənaye və ziraət texnikumuna sənədlərini verir. O zaman bu texnikumun direktoru Ömər Faiq Nemanzadə idi. "Molla Nəsrəddin" jurnalının görkəmli xadimlərindən olan bu adam haqqında çox eşidən Rəsul Rza direktorun adına ərizə yazır. O, yüksək "ədəbi dildə" yazılan ərizəni katibəyə verib həyətdə gözləyir. Az keçmir ki, Ömər Faiq Nemanzadə onu yanına çağırır. İlk sualı isə bu olur: Bu ərizəni özün yazmısan? Bəli cavabını alandan sonra Nemanzadə onu texnikuma qəbul edir. Lakin, Rəsul orada yaşadığı ilk günlərdə Bakıdakı ailəsi, dostları üçün darıxmağa başlayır.

 

Üç-dörd ay sonra Tələbələrin dram dərnəyində qoyulan pyesdə nökər rolunda iştirak edən Rəsula bəy rolunu ifa edən tələbə yoldaşı möhkəm bir şillə vurur. Şillədən sonra Rəsulun qulağı kar olur. Elə bu səbəb də ona texnikumu yarımçıq qoymaq üçün bəs edir.

 

Rəsul Rzanın məktəbi buraxıb gəldiyi ilk dəfə deyildi. Bundan əvvəl də o, bir dəfə də Bakı müəllimlər seminariyasında on, on iki gün oxuyandan sonra ordan qaçıb. Buna səbəb də anası üçün darıxması olub. Bu darıxmalar ucbatından o, heç vaxt sistematik təhsil ala bilmir.

 

Çox çəkmir o, məktəb yoldaşı şair A.Faruq vasitəsi ilə ədəbi aləmdə yaxşı tanınan Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə yaxından tanış olur, tərcüməçi vəzifəsinə işə düzəlir. O illərdə "Gənc işçi" ədəbiyyata yenicə gələn şairlərin, yazıçıların toplaşdığı, görüşdükləri əsas yer idi. R.Rza burada bir çox yaşıdları ilə, o cümlədən şair M.Müşfiqlə tanış olur.

 

Bakıda işləməyə başlayan şair əslən Gəncədən olan, ailəsi repressiya olunan bəy qızı Nigar Rəfibəyli ilə tanış olur. Onlar 1937-ci ildə ailə qururlar. Yaşadıqları ev isə balaca daxma kimi bir yer olub. Onların toyu da elə həmin daxmada keçirilir. Sonradan repressiya olan adamların bir çoxu, eləcə də Hüseyn Cavid, Mikayıl Müşfiq onların toyunda iştirak ediblər.

 

Səməd Vurğunla münasibətlərinin gərgin olması barədə müxtəlif söz-söhbətlər var. Bu gərginliyin səbəbinin estetik dava olduğu deyilir. Səməd Vurğun heca şeirinin ustası, Rəsul Rza isə sərbəst şeirin ciddi imzalarından idi. Onların arasındakı münasibət bəzən soyuq, bəzən isə dostcasına olub.

 

Günlərin birində Rəsul Rzadan soruşurlar: - Səməd Vurğunla yola getmirsiniz. Səbəb nədir? Rəsul Rzanın cavabı: - Doğrudur, Səmədlə mənim aramda mübahisələr, hətta küsüb barışdığımız vaxtlar da olub. Lakin bu, sırf şəxsi səbəblərdən doğmur, üslub yarışından irəli gəlir. Üslublar yarışı olmayan yerdə əsl poeziya yarana bilməz. Təəssüflər olsun ki, bulanıq suda balıq tutmaq istəyənlər buna şəxsi don geyindirib, ara vurur, bizi bir-birimizə qarşı qoyur, dedi-qodulara səbəb olurlar.

 

Rəsul Rza dilimizə yeni sözlər də gətirib. “Çimərlik”, “İşıqfor”, “Çilək” və s. Eyni zamanda Anar sözünü də o yaradıb və oğluna ad kimi qoyub. Bildiyiniz kimi, bu söz dilimizin “anmaq” felindən götürülüb. Anar bu gün Azərbaycanda ən çox qoyulan adlar siyahısındadır.

 

İkinci dünya müharibəsi başlanan zaman şairin bir ayağı axsadığı üçün onu müharibəyə aparmırlar. Ancaq o, 1941-ci ilin axırlarında bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Kerç şəhərində Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır, cəbhə qəzeti "Döyüşən Krım"da işləməyə başlayır.

 

Müharibə illərində sarsıntılar keçirirmiş. Deyilənə görə, qorxunc bir müharibə axşamında hər ehtimala qarşı vida məktubu yazaraq şüşəyə tullayıb və kiminsə rastına çıxacağı ümidiylə dənizə atıb.

 

Nigar Rəfibəyli həyat yoldaşını böyük məhəbbətlə sevib. O, cəbhədə olan günləri onun üçün çox darıxıb, hətta bir neçə dəfə onun yanına Krıma getməyə də cəhd edib.

 

Rəsul Rza ilə Nazim Hikmət çox gözəl dost olublar. O, hər dəfə Bakıya gələndə mütləq şairin evində qonaq olarmış. Onun hər gəlişi Rəsul Rzanın evində bayrama çevrilirmiş.

 

Ömrünün son illərini Rəsul Rza xəstəxanada başa vurur. O, xəstəxanada müalicə aldığı zaman həyat yoldaşı Nigar xanıma da xərçəng diaqnozu qoyulur. Onu Moskvaya aparmağa hazırlaşırlar. Moskva səfəri barədə xəbəri atasına yazıçı Anar çatdırmalı olur. Lakin, xəbəri alan kimi Rəsul Rzanın halı qəfildən pisləşir, təzyiqi qalxır. Həkimlər nə qədər əlləşirlər, köməklik edə bilmirlər. On beş, iyirmi dəqiqənin içərisində 1981-ci il aprelin 1-də Rəsul Rza 70 yaşında dünyasını dəyişir.

 

Şairin övladları bu xəbəri vəziyyəti onsuz da ağır olan və xəstəxanada yatan Nigar xanımdan gizlədirlər.

 

Nigar xanımın Rəsul Rza üçün yazdığı “Neyləyim” şeirinə Emin Sabitoğlu şairin ölümündən sonra mahnı bəstələyir. Mahnını Akif İslamzadə ifa edir. Həmin musiqinin səs yazısını Anar xəstəxanaya gətirib anasına dinlədir. Nigar xanım həmin musiqini çox bəyənir. Yanına kim gəlirsə, uşaqlarına deyir ki, Rəsula yazılan mahnını qoyun, qulaq assınlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR