Deputat: "Qiymətlər hər idarənin öz istəyi ilə qaldırıla bilməz”

# 18:30
15 mart 2022

“Milli Məclis deputatlarının müraciətlərinə baxılmır. Mən təqaüd məsələləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 8 məktub göndərmişəm, 1-nə də cavab verməyib”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

 

Deputat Nazirlər Kabinetinin Milli Məclisin iclaslarının stenoqramını götürüb, qaldırılan problemlərə, səsləndirilən təkliflərə baxmasını istəyib: “Nazirlər Kabinetinin üzvləri rayonlara gedir, amma həmin rayonun deputatının xəbəri olmur. Kürdəki problemlər qalıb, işsizlik məsələsi bütün rayonlarda var. Neftçalada əhali balıqçılıqla məşğul olurdu, artıq bu, tam dayanıb. Hökumət xüsusi tədbirlər görməlidir”.

 

S. Rüstəmxanlı kommunal xidmətlərin qiymətlərin artırılmasından da danışıb, bunun yolverilməz olduğunu deyib: “Kommunal qiymətlər artırılır, buna yol vermək olmaz. Mən bu gün evdəki qaz, işıq pulunu hesablamaqda çətinlik çəkirəm. Bu, nə limit məsələsidir? Əhalini dövlətdən narazı salmaq olmaz”.

 

Deputat 2016-cı ildən Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə 146 dəyişiklik edildiyini xatırladıb: “Bunun əksəriyyəti cərimələrlə bağlıdır. Biz burada uşaq pulu məsələsini qaldırmışıq, amma hökumət buna baxmır. Bizdən pis vəziyyətdə olan qonşu ölkələrdə uşaq pulu verilir. Mədəniyyət sahəsində problemlər hamımızı narahat edir. Mədəniyyət müəssisələrinin bir çoxu köhnə nazirin vaxtında ixtisar olunub. Biz bunları necə bərpa edəcəyik?”

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR