Dövlət dəstəyindən yararlanmaq istədi, 21 xəstə qoyun verdilər

# 15:15
7 oktyabr 2021

Yevlax rayonunun Ərəş kənd sakini Rəbiyyə İsayeva dövlətin dəstəyindən yararlanaraq yeni bir təsərrüfat qurub, yoxsulluğun daşını biryolluq atmaq istəyi ilə Yevlax rayon Məşğulluq Mərkəzinə üz tutub. Çox çək-çevirdən sonra mərkəzin vasitəçiliyi ilə  21 baş qoyun alaraq geri kəndinə dönüb. Rəbiyyə xanımın bir gözü sevincdən gülsə də, o biri gözü narahatlıq içində döyüküb. Çünki çoxdankı arzusuna qovuşsa da ona xəyalından keçən sağlam və yaxşı perspektiv vəd edən qoyunlar əvəzinə qoca və  xəstə heyvanlar veriblər.

 

 

Vətəndaş tələm-tələsik imzaladığı müqavilənin də nüsxəsinin bu günədək ona verilmədiyini deyir.

 

Rəbiyyə xanım deyir ki, arxada qoyduğu bir ilə yaxın müddət ərzində xəstə və qoca heyvanları ilə özünün dediyi kimi olmazın zillətlər çəkib. Əksəriyyətinin dişləri belə yoxdur hətta aralarında kor heyvan da var. Bəziləri ayaq üstə dayanmağa güclə təpər  tapır. Heyvanların yeddi başı ötən müddət ərzində xəstəlikdən tələf olub.  

 

Rəbiyyə İsayevanın sözlərinə görə vaxtaşırı baytar mütəxəssislərə müraciət edib və onlar ona verilmiş malların xəstə olduğunu bildirib və mümkündürsə dəyişdirilməsi zərurətini tövsiyə edib.

 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Dövlət Məşğulluq Xidmətinin Mətbuat Katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxladıq.

 

Ərəş Baytarlıq Məntəqəsi təmsilçisi Seymur Qasımovla əlaqə yaradarkən o da malların qoca və xəstə olduğunu etiraf etdi. Amma bu barədə açıqlama verməyə səlahiyyəti olmadığını bildirərək müsahibə verməkdən imtina etdi.

 

Beləcə, qeyri - müəyyənlik içində çırpınan Rəbiyyə İsayeva heyvanlarının dəyişdirilməsi ilə bağlı kömək umur.

 

Necə deyərlər, görünən dağa nə bələdçi. Ümid edirik ki, məsələ ətraflı şəkildə araşdırılıb, vətəndaşa köməklik göstəriləcək. 

 

 

Ehtiram Muradov, Nurlanə Hacıyeva, APA TV.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR