Dövlət sərhədinin pozulması nəticəsində həlak olan gizir Qubada dəfn edilib

# 14:56
16 may 2021

Ötən gün Dövlət Sərhəd Xidmətinin həlak olan giziri Qubada dəfn olunub.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, gizir Fərid Alimovun nəşi anadan olduğu Quba rayonunun Yeni Güləzi kəndinə gətirilib.

Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Hərbçi kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində yaylım atəşi açılıb.

Qeyd edək ki, ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkarlanıb.

Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, onlara qarşı odlu silahdan atəş açıb, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunsa da, onların həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisə yerindən təxminən 10 kq narkotik vasitə aşkarlanıb.

Hadisənin baş verdiyi ərazi qapadılıb və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunub. Sərhəd pozucularının axtarışı üzrə keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir.

Hadisə barədə aidiyyəti hüquq-mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR