Dünyada nazirlər sürür, biz alıb uşağa veririk ki, oyna - APA TV

# 10:19
16 noyabr 2022

Dünyanın bir çox ölkələrində velosipedlər əlverişli, faydalı və təhlükəsiz  nəqliyyat vasitəsi statusu qazanıb. Gənclər, iş adamları aktiv olaraq velosipeddən istifadə edirlər.

 

Əksər böyük şəhərlərdə günü-gündən artan tıxaclardan, vaxt itkisindən, zərərli qazların çoxalması kimi problemlərin həlli yolllarından biri də velonəqliyyatı populyarlaşdırmaqdı.

 

Elə ölkəmizdə də bu sadalananlarla yanaşı, mobilliklə bağlı vəziyyətin yaxşılaşdırılması üçün görüləcək ən vacib tədbirlərdən biri velosipedin real nəqliyyat vasitəsinə çevrilməsidir. Ancaq çox təəssüf ki, bu proses Azərbaycanda ləng gedir. Bəs ölkəmizdə velonəqliyyat sisteminin inkişaf etməməsinin başlıca səbəbləri nələrdir? Bizə nə mane olur?

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, ölkəmizdə 2027-ci ilə qədər təxminən 63 kilometrlik velosiped yollarının qurulması nəzərdə tutulub. 2040-cı ilə qədər isə velosiped yolu şəbəkəsi 250 kilometri əhatə edəcək: “Şəhərin mərkəzi hissəsini əhatə edən velosiped yolu inşa edilir. Artıq bu yolun bir hissəsi hazırdır. Və bu layihə şəhərin mərkəzi küçələrini dənizkənarı Milli Parkla əlaqələndirəcək. Bundan əlavə ətraf kənd və qəsəbələrdə də velosiped yol şəbəkəsi qurulması məqsədi ilə müvafiq tədbirlər görülür. Və bu çərçivədə qeyd edə bilərəm ki, artıq Bilgəh, Zaqulba, eyni zamanda Buzovna, Mərdəkan istiqamətində də müəyyən ərazilərdə velosiped yolu hazırlanaraq istifadəçilərə təqdim olunmuşdur. Ümumilikdə velosipeddən istifadənin şəhərin ekoloji vəziyyətinə təsirini nəzərə alaraq BNA bu istiqamətdə İDEA Təşkilatı ilə də sıx əməkdaşlıq edir. Velosiped yollarının qurulması Bakı şəhərinin baş planında da əksini tapmışdır. Baş plana əsasən buradakı işlər mərhələli şəkildə həyata keçiriləcək”.

 

Paytaxt sakinləri isə 2040-cı ilə qədər gözləmək fikrində deyillər.

 

Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, bu barədə görüləcək işlərə 4 istiqamət üzrə diqqət etmək lazımdır: “Ölkəmizdə velosipedlər üçün infrastruktur hələ ki formalaşmayıb. Paytaxt Bakıda və digər böyük şəhərlərdə infrastrukturun yaradılmasına böyük ehtiyac var. Velosiped üçün infrastruktur dedikdə yaşayış məntəqəsinin bu başından o biri başına və ərazisinin demək olar ki, hər yerində velosipedlə sərbəst hərəkət etmək üçün gərək olan velosiped zolaqlarının və yollarının çəkilməsidir. Velosipedlərin parklanma yerlərinin yaradılmasıdır, texniki təmir yerlərinin yaradılmasıdır. Bu istiqamətdə demək olar heç nə yoxdur. Ancaq paytaxt Bakıda və Bakı ətrafında bir iki yerdə, Gəncədə epizodik yerdə Sumqayıtda epizodik bir yerdə velosiped zolağı var”.

 

Ekspertin sözlərinə görə, bu kimi hallar ucbatından velosipedlə öz hərəkətini təmin etmək istəyən şəxslər əziyyət çəkirlər və velosiped mobillik vasitəsi kimi demək olar ki, istifadə olunmur: “İkinci ciddi məsələ psixoloji məsələdir. İnkişaf etmir. Ölkələrə fikir versək görərik ki, maddi imkanından, yaşından asılı olmayaraq, geniş təbəqədən, geniş dairədən olan insanlar velosipeddən mobillik vasitəsi kimi istifadə edirlər. Bizdə hələ də psixoloji bir baryer var ki, velosiped uşaq oyuncağıdır ya da idman alətidir. Velosiped nəqliyyat vasitəsidir. Bunu cəmiyyətə aşılamaq lazımdır. Burda heç bir qəbahət yoxdur və heç kəsə bu əskiklik gətirmir. Əksinə bu müasir qlobal trendə qoşulmaqdır”.

 

Ərşad Hüseynovun sözlərinə görə, velosipeddən istifadə edən insanların yol hərəkətində iştirakı qaydalarının öyrənilməsi məsələsi də lazımi səviyyədə deyil. Velosiped və velosipedə yaxın nəqliyyat vasitələrinin pərakəndə və qaydalardan kənar şəkildə istifadəsi isə ciddi təhlükədir. Velosipedçi bilməlidir ki, yol hərəkəti iştirakçısıdır və yolda qaydalar çərçivəsində hərəkət etməlidir. Bundan əlavə, ölkədə velosiped parkı yaratmaq üçün texniki cəhətdən saz, hərəkət vasitəsi kimi yararlı velosipedlər olmalıdır. Bütün sadalanan problemlər aradan qaldırılmasa, inkişaf etmiş ölkələrdən fərqli olaraq, hələ uzun illər Azərbaycanda velosipedə uşaq oyuncağı baxılacaq.

 

Əfsanə Rəcəb,

Xəyal İskəndərov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR