Dünyanı cənginə alan qızılca Azərbaycanda “yoxa çıxıb”

# 10:15
4 iyul 2023

COVID-19 pandemiyasından sonra əksər ölkələrdə uşaq immunizasiyasının əhatəsinin azalması nəticəsində qızılca son dövrdə Avropa regionunda sürətlə yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, 2021-ci ildə 159, 2022-ci ildə isə 904 qızılcaya yoluxma halı qeydə alındığı halda 2023-cü ilin yalnız ilk 4 ayında bu rəqəm 3832-ə yüksəlib. Həmçinin qardaş ölkə Türkiyədə də qızılca xəstəliyinə yoluxanların sayı artıb. Bəs Azərbaycanda qızılcaya yoluxanların sayı nə qədərdi? Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya mərkəzindən bildirildi ki 2019-cu ildən günümüzə qədər Azərbaycanda qızılca xəstəliyindən qeydiyyata alınan olmayıb. Azərbaycanda yoluxucu xəstəliklərin immunoprofilaktikası sayəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bir çox xəstəliklər, o cümlədən, qızılca xəstəliyi eliminasiya olunub. Bildirilib ki, hazırda Azərbaycanda uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün 11 infeksiyaya qarşı peyvənd aparılır. Peyvəndlərdən müxtəlif səbəblərdən kənarda qalmış uşaqlar isə hər il aprel ayında Avropa immunlaşdırma həftəsində peyvəndə cəlb olunurlar. Həkim Vasif Əliyev isə peyvənd etdirməyən ailələrin uşaqlarını hansı risklə qarşı-qarşıya qoyduğundan danışıb. Həkim deyir ki, böyüklər uşaqlarla müqayisədə qızılcanı daha ağır formada keçirirlər. Xəstəliyin özünəməxsus antiviral müalicəsi olmasa da xəstələr mütləq həkim nəzarətində qalmalıdır, çünki qızılca ağırlaşdığı halda ölümlə nəticələnə bilər. Qeyd edək ki, qızılcanı bir dəfə keçirən insan ikinci dəfə bu xəstəliyə yoluxmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR