Əkin sahələri quruyur: Məhsulu necə əldə edəcəyik?

# 11:34
26 iyun 2023

Dünyada su ehtiyatının azalması Azərbaycandan da yan keçməyib. Belə ki, ölkəmizdə müşahidə olunan su qıtlığı problemi əkin suyuna olan tələbatı da artırır. Ucar sakinləri də rayonda su tutarların (su hövzələri) yaradılmasını istəyir. Ucar rayonu Aran bölgəsində yerləşdiyinə görə, havaların həddindən artıq isti keçməsi, il boyu yağıntının miqdarı başqa bölgələrə nisbətən az olması və torpaqların şoran olası səbəbindən hər zaman suya böyük ehtiyacı olub. Söhbətləşdiyimiz sakinlər də bölgədə yağış anbarlarının, böyük sututarların yaradılmasının vəziyyəti müsbətə doğru dəyişəcəyini deyir. Asiman Səlimov da su hövzələrinin yaradlımasını istəsə də, etiraf edib ki, bu Ucar rayonunda bir qədər çətin məsələdir. Çünki rayonda ümumiyyətlə, yağıntı çox az olur. Üstəlik havaların isti olması daha çox buxarlanmaya səbəb olur. Sabirabad rayon sakini, fermer Bəydabə Vəliyev bildirib ki, SSRİ dövründən qurulan su qurğularının əksəri artıq məhv olduğu üçün təsərrüfat sahələrində ciddi su çatışmazlığı müşahidə edilir. Rayon ərazisində isə suvarma sistemləri böyük sahələr üçün nəzərdə tutulub. Buna görə də sakinlərin öz xırda pay torpaqlarında təsərrüfat işləri görməsi əkin vaxtı su qıtlığı problemi yaradır. Meliorasiya Elmi Tədqiqat İnstitutunun direktoru Mir Mövsüm Dadaşov bildirib ki, ölkədə infrastrukturun köhnəlməsi, iqlim dəyişikliyi, trans-sərhəd çaylarının quruması və s. kimi amillər su qıtlığının başlıca səbəblərindəndir. Lakin o qeyd edib ki, bu cür hadisələr təbiidir və narahatlığa əsas verməməlidir. Kənd təsərrüfatı məsələləri üzrə ekspert Eldəniz Əmirovun sözlərinə görə, ölkədə 4 milyon hektar ərazi kənd təsərrüfatı təyinatlı torpaqlardır və bunun 2 milyon hektardan artığı isə əkin sahələridir. O bildirib ki, Azərbaycanın su ehtiyatı Cənubi Qafqazın su ehtiyyatlarının 10%-ni təşkil edir. Onun da 70%-ə qədəri trans-sərhəd çayları hesabına formalaşıb. Ekspert onu da qeyd edib ki, su problemi bütün əkin sahələrinə, o cümlədən tərəvəz əkinçiliyinə mənfi təsir göstərəcək. Ekspert bildirib ki, su qıtlığına çarə tapılmazsa, əkinçilik sahəsində idxaldan asılılıq artacaq və bu, beynəlxalq səviyyədə inflyasiyaya səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR