Ermənilərin Füzuli və Cəbrayılda dağıtdığı evlər təmir edilir

# 13:15
29 oktyabr 2021

Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Füzuli rayonunda 13 yaşayış evi dağıdılıb, 360-a yaxın tikiliyə zərər dəyib.

APA TV-nin yerli bürosu xəbər verir ki, dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman çərçivəsində görülmüş işlər nəticəsində 357 tikili təmir-bərpa olunub, 12 yaşayış evi tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib. Hazırda 1 yaşayış evi və 1 inzibati binanın inşası, o cümlədən 2 tikilinin təmir-bərpası yekunlaşmaq üzrədir. Yaxın zamanda Füzuli rayonu ərazisində tikinti və təmir-bərpa işlərinin tam yekunlaşdırılması planlaşdırılır.

Terrordan zərərçəkən Möhrab Məmmədov qonşularının və öz evinin dağıldığını deyir: “Cənab prezidentimiz sərəncam verdi. Dedi ki, hətta onların bir toyuğu ölübsə, bir toyuğu da verilsin. Ona öz minnətdarlığımızı bildiririk ki, bu müharibənin qızğın vaxtında O, sərəncamı verdi ki, evlər tikilsin bu əhali çöllərdə qalmasın.”

Yaşar İbrahimovun evinə də zərər dəyib: “Bizim evə də düşmüşdü. Yəni, bərpa olunur, inşallah, Allahın köməkliyi ilə yekunlaşmağa doğru gedir bu evlər. Allah köməyi olsun, razıyıq dövlətimizdən, prezidentimizdən. Allah kömək olsun.”   

Erməni təxribatı zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində dağılan evlərin tikinti və bərpası tamamlanıb. Hazır olan evlər isə artıq sakinlərə təhvil verilib.

Sentyabr ayının 27-də başlayan erməni təxribatı zamanı Cocuq Mərcanlı sakinləri də ağır artilleriya silahlarından atəşə məruz qaldı. Nəticədə Cocuq Mərcanlı kəndində 47 tikiliyə zərər dəydi. Daha çox evlərin dam örtükləri yararsız hala düşdü. Lakin qısa müddət ərzində ordumuz tərəfindən düşmənə layiqli cavab verildi və düşmən torpaqlarımızdan çıxarıldı. Qələbədən dərhal sonra ölkə rəhbərliyinin sərəncamına uyğun olaraq dağılan evlərin bərpası və tikintisinə start verildi. Dövlət şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində işlər tamamilə yekunlaşdırıb. 46 yaşayış evi və qeyri-yaşayış obyekti təmir-bərpa olunub, 1 sahibkarlıq obyekti yenidən tikilərək sahibinə təhvil verilib.

Qeyd edək ki, ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib. Hazırkı mərhələdə onlardan 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digər tikililər üzrə görülən işlərin də ən qısa zamanda tamamlanması və həmin ərazilərdə yaşayan əhalinin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr səfərbər edilib.

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV, Füzuli-Cəbrayıl

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR