Ermənilərin raket atəşi ilə dağıtdığı evlər bərpa olunur

# 12:07
30 oktyabr 2021

44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ən çox ziyan çəkmiş 11 şəhər və rayondan biri də Ağdamdır. Ümumilikdə Ağdam rayonun yaşayış məntəqələrində 32 yaşayış evi və 6 qeyri-yaşayış obyekti tamamilə dağılıb, 1750-dən çox tikiliyə zərər dəyib.

Ermənilərin yaşayış məntəqələrini atəşə tutmağı nəticəsində dağılan evlərdən biri də rayonun Üçoğlan kənd sakini Niyaməddin Allahverdiyevə məxsusdur: “Keçən il 44 günlük müharibədə ayın 4-ü mərmi düşmüşdü. Gəlib baxdım, evin qabağı dağılmışdı. Ziyanlıq çox idi. Evin damı dağılmışdı. Prezidentin tapşırığı ilə şirkət gəlib düzəltdi. Çox sağ olsunlar. Yaxşı köməklik etdilər, düzəltdik”.

Alıbəyli-1 qəsəbəsində məskunlaşan, Ağdamın Mərzili kəndindən məcburi köçkün düşən Sarı Allahverdiyevin də evinə mərmi düşüb. Xoşbəxtlikdən həmin vaxt ailə üzvləri evdə olmayıb. Mərmi düşərək dağılan dördotaqlı evi isə bərpa olunub: “Keçən il Vətən Müharibəsi başlayan zaman, Ermənistan Silahlı Qüvvələri Ağdamı intensiv raket atəşinə tuturdu. Mərmilərdən biri də mənim evimə düşmüşdü. Prezidentə çox təşəkkür edirəm ki, əhaliyə dəyən ziyan ödənildi. Mənim evim tam təmir olunubdur”.  

Cahid Rüstəmovun da evi mərmi düşməsi nəticəsində tamamilə dağılıb. Bu gün dövlət başçısının tapşırığı ilə, dövlət vəsaiti hesabına həm ona, həm də eyni həyətdə bacısına yeni ev tikilib: “8 noyabrda evimizə mərmi düşmüşdü. Mərmi düşməsi nəticəsində 2 ev, bacımın və mənim evim dağıldı. Sağ olsun Prezidentimizin tapşırığı ilə gəldilər, iki ev tikdilər. 2 otaqlı, mətbəx, hamamı, kombi sistemi, hamısı düzəlib”.

Dövlət başçısının tapşırığına əsasən qısa zaman çərçivəsində görülmüş işlərin nəticəsi olaraq 1450-dən çox tikili təmir-bərpa olunub, 27 yaşayış evi və 6 qeyri-yaşayış obyekti tamamilə yenidən tikilərək artıq sakinlərə təqdim edilib.

Hazırda 5 yaşayış evinin tikintisi bitmək üzrədir. Bundan başqa, 300 tikilinin təmir-bərpası işləri görülür.

Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin, tikinti, təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR