Ermənistanda sərhəd sancıları - BİZİM ŞƏRH

# 14:45
22 may 2021

Azərbaycan Ermənistanla dövlət sərhədlərini bərpa edir. Zatən Vətən Müharibəsi bitəndən sonra ilk görəcəyimiz iş bu idi və hamı da bunu gözləyirdi. Çünki SSRİ-nin dağılmasından sonra 1990-cı illərdəki hərc-mərclikdən istifadə edən Ermənistan əvvəlcə həm özü, həm də İranla həmsərhəd olan rayonlarımızı işğal etmiş, sonra da özünün nəzarətində olan bu sərhədlərdən ən müxtəlif kriminal məqsədlərlə istifadə etmişdi. Azərbaycanlıların işğal olunmuş evlərini yağmalamaqdan tutmuş narkotik trafikinə qədər.

 

İndi tarixi ədalət gec də olsa, bərpa olunub. Göydə Allahın, yerdə Azərbaycan əsgərinin iradəsi ilə. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirərək, 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı azad edib. Sonra da Ermənistanla dövlət sərhədlərinin bərpası prosesinə başlayıb. Rəsmi İrəvan isə dərhal ənənəvi siyasi həyasızlıq fəndlərinə əl ataraq, Ermənistanın həmsərhəd ərazilərinin guya Azərbaycan tərəfindən işğal olunduğunu dünyaya car çəkməyə başlayıb. Prosesə ənənəvi beynəlxalq himayədarları da qoşulub. Maraqlıdır, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini işğal altında saxlayanda, bir milyon insanı ev-eşiyindən didərgin salanda bu “ədalət carçıları” harada idi? “Erməni soyqırımı”ndan fərqli olaraq, Xocalıda törədilən soyqırımının mövcud olan real videogörüntüləri onların tükünü niyə tərpətmədi?

 

Azərbaycan Prezidenti İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, sərhədlərin delimitasiyası və demarkasiyası sırf texniki prosesdir. Yəni iki ölkənin yaratdığı birgə komissiya çox rahatlıqla bu prosesi həyata keçirə bilər. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan istər quru, istərsə də su sərhədlərini məhz bu cür müəyyənləşdirib. Bu zaman rəsmi Bakının nə Rusiya, nə İran, nə Türkiyə, nə Gürcüstan, nə Qazaxıstan, nə də Türkmənistanla beynəlxalq səs-küyə səbəb olan mübahisəsi yaranmayıb. Hətta Rusiya ilə sərhədlərin dəqiqləşməsindən sonra Azərbaycan tərəfdə qalan kəndlərin sakinlərinə istədikləri ölkənin vətəndaşlığını seçmək hüququ verilib.

 

Bəs indi nə baş verir? Azərbaycan SSRİ dövrünün xəritələri əsasında Ermənistanla dövlət sərhədlərini bərpa etmək niyyətini ortaya qoyub. Azərbaycan əsgəri də hərbi komandanlığın əmrinə uyğun olaraq sovet dövründəki Azərbaycan ərazilərinə dövlət bayrağımızı sancıb. Yəni burada, ermənilərin iddia etdiyinin əksinə olaraq, heç bir işğalçılıq faktından söhbət gedə bilməz.

 

Məsələnin başqa maraqlı məqamı ondan ibarətdir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi barədə sənəd imzalayacağını açıqlayıb. Məhz bundan sonra revanşist müxalifət “ay haray, qoymayın, vətən əldən gedir” hay-küyü ilə tərəfdarlarını küçəyə çağırıb, lakin onların səsinə səs verənlər əhəmiyyətli sayda olmayıb.

 

Görünən odur ki, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası istənilən halda Ermənistan üçün ağrılı prosesə çevriləcək. Bunun ilk səbəbi İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdirsə, ikinci səbəbi məğlubiyyətin doğurduğu siyasi böhrandır. Azərbaycanda isə bu proses heç bir təlatüm olmadan müşahidə olunur. Yəni ölkə ictimaiyyəti rəsmi qurumların yaydığı açıqlamalarla kifayətlənir.

 

Ermənistan mediasında yayılan görüntüləri seyr edən azərbaycanlılar ordumuzun gücünün də fərqində olur, Azərbaycan hökumətinin bu görüntülərdən özünü-reklam üçün istifadə etmədiyinin də. Yəqin elə bu səbəbdəndir ki, sərhədlərin dəqiqləşdirilməsi kimi ciddi məsələdə ictimaiyyət hakimiyyətdən heç bir izahat tələb etmir. Çünki Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyev bircə qarış torpağımızı da kimsəyə güzəştə getmək fikrində deyil. Ali Baş Komandan 44 günlük Vətən Müharibəsində bunu hamıya və hər kəsə sübut edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR