FHN minaların təmizlənməsində xüsusi təlim görmüş itlərdən istifadə edir

# 18:59
4 dekabr 2021

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında ilk dəfə olaraq xüsusi təlim keçmiş itlərin köməyindən istifadə edir.

APA TV xəbər verir ki, bir toxunuş, adi bir diqqətsizlik və yaxud da elementar ehtiyatsızlıq böyük faciələrə yol aça bilər. Elə buna görə də, Fövqəladə Hallar Nazirliyinin minatəmizləyən qrupları insan faktorunu önə çəkərək təhlükəni azaldan müxtəlif metodlardan istifadə edir. Bunlardan biri də əməliyyatlarda xüsusi itlərdən istifadə etməkdir. Hazırda həmin itlərdən, Ağdam rayonunda, mina və döyüş sursatları ilə çirklənmiş ərazilərin təmizlənməsi əməliyyatlarında istifadə edilir. FHN-in Minalardan Təmizləmə qrupunun əməkdaşı Rauf Mustafayev deyir ki, bu tətbiq qısa müddət ərzində həm işin sürətlənməsi və təhlükənin azaldılması, həm də minaların aşkarlanması baxımından müsbət nəticə verib: “Hal-hazırda gördüyünüz kimi işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri sürətlə həyata keçirilir. Bu ərazi gördüyünüz kimi minaaxtaran itlərin köməyi ilə hal-hazırda partlamamış sursatların və minaların axtarışını həyata keçirdirik. Bu işdə itlərin də köməyi çox böyükdür. Gördüyünüz kimi əvvəl it ayrılmış sahədə axtarış aparır. Hər hansı təhlükəli əşya aşkar etdikdə həmin əşyanın yanında oturur. Sonra həmin iti oradan uzaqlaşdırıb minaaxtaran heyəti itin tapdığı sursatın həqiqətən təhlükəli olub-olmadığın yoxlamaq üçün həmin ərazini bir daha yoxlayır”.

Rauf Mustafayev həmçinin bu ərazilərə qanunsuz səfər etməyə çalışan və burda tikinti-quruculuq işləri ilə məşğul olan vətəndaşlara xəbərdarlıq da edir: ”Yaxın vaxtlarda bu ərazilər tam təmizlənəcək. Ondan sonra hər kəs ərazilərdə gəzib yaşaya biləcək. Ona görə də bir daha xahiş edirik, bu ərazilərə keçməsinlər, səbirli olsunlar, təmkin nümayiş etdirsinlər. Bununla onlar bir növ bizə də kömək etmiş olarlar. Bildiyiniz kimi işğalda azad olunmuş ərazilərdə sürətli tikinti-quruculuq işləri gedir. Həmin yerlərdə müxtəlif qurumların əməkdaşları çalışır. Onlardan da xahiş edirik göstərilmiş marşrutlarla hərəkət etsinlər. Xüsusi nişanlanmış ərazilərin sərhədindən keçməsinlər. Həmçinin əraziyə xas olmayam yad bir əşya gördükdə “102” və “112” xidmətlərinə məlumat versinlər”.

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR