Filmlərimiz nə vaxt “Netflix”də yayımlanacaq?

# 19:22
28 dekabr 2021

Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarında dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib və Ermənistanın hərbi cinayətinin sübuta yetirilməsi üçün 162 dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji mənşəli obyektlərin monitorinqi aparılıb.

 

Bunu Mədəniyyət naziri Anar Kərimov Nazirliyin “hədəflər və nəticələr” mövzusunda keçirdiyi konfransda deyib.

 

O bildirib ki, Şuşada abidələrin elektron xəritələri hazırlanıb. 45 abidəyə məlumat lövhəsi quraşdırılıb. Çıraqqala abidəsində aparılan bərpa-konservasiya işlərisə gələn il yekunlaşacaq. Həmçinin Qarabağ və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarələri yaradılacaq.

 

Jurnalistlərin suallarını cavablandıran nazir vurğuladı ki, balabanın UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün sözügedən quruma müraciət ediləcək: “Gələn il Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilməsi üçün bir neçə istiqamətdə UNESCO-ya müraciət ediləcək. Həmin istiqamətlər bunlardır: İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı, Molla Nəsrəddin lətifələri, sədəf sənəti, pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri, çay mədəniyyəti, balaban sənətkarlığı və ifaçılıq sənəti”.

 

“Qarabağ" futbol klubu  ilə bağlı sənədli film, Hacı Zeynalabdin Tağıyevlə bağlı isə serial çəkiləcəyini deyən nazir qeyd etdi ki, bu il 40-a yaxın bədii, sənədli və animasiya filmi çəkilib. O ki qaldı, Qarabağdan çəkiləcək filmin "Netflix"də nümayiş olunması məsələsinə...

 

“Bizim “Netflix”in nümayəndələri ilə görüşlərimizdə məlum oldu ki, onlar Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Burada müəyyən şərtlər var. Biz növbəti illərdə çalışacağıq ki, “Netflix”lə əməkdaşlıq edək. “Netflix” böyük platformadır. Bu, ölkəmizin tanıdılması baxımından önəmlidir. A. Kərimov gələn il Qarabağla bağlı bədii filmin çəkilməsinə start veriləcəyini vurğulayıb. İnanırıq ki, “Netflix”də də onun nümayişinə nail ola biləcəyik. Əlbəttə, bu haqda danışmaq üçün çox tezdir. Biz gələcəkdə Qarabağla bağlı bir çox filmlərin çəkilməsini istəyirik”.

 

Anar Kərimov onu da əlavə etdi ki, sosial vəziyyəti aşağı olan mədəniyyət xadimələrinə dəstək məqsədilə gələcəkdə yeni mexanizmin yaradılması nəzərdə tutulub.

 

 

 

Aytən Sakitqızı,

Kamran Namazov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR