Fizika müəllimi və cinayətkar dəstəsi yaxalandı

# 16:37
1 dekabr 2021

Göygöldə fizika müəllimi və onun cinayətkar dəstəsi ifşa edilib.

APA TV-nin yerli bürosunun məlumatına görə, Göygöl rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq etməkdə və vətəndaşlara məxsus əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, rayonun Çaykənd kənd sakini Elnur Hüseynov həmkəndliləri ilə qabaqcadan əlbir olaraq 2019, 2020 və 2021-ci illərdə oğurluq cinayətləri törədərək vətəndaşlara külli miqdarda ziyan vurub. Araşdırmalar zamanı məlum olub ki,  həmkəndlisinə məxsus ümumi dəyəri 900 manat olan 7 baş keçini tanışı Səyyaf Məmmədovla birlikdə oğurlayan  Elnur Hüseynov bundan başqa digər tanışı Qalib Məmmədovla birlikdə kənd sakininə məxsus ümumi dəyəri 3000 manat olan 3 baş iri buynuzlu mal-qaranı da oğurlayıb. Daha sonra həmin şəxslər rayonun Yeni Zod kənd sakinlərinə məxsus ümumi dəyəri 4500 manat olan 3 baş iri buynuzlu mal-qaranı oğurlayıblar. İstintaq zamanı E. Hüseynov və Q. Məmmədovun ötən ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus, ümumi dəyəri 7900 manat olan 5 baş iri buynuzlu mal-qaranı oğurlaması da məlum olub. Cari ilin avqust ayında 6500 manatlıq iri buynuzlu heyvanı oğurlayan şəxslər daha sonra tanışları Samir Məmmədovla qabaqcadan əlbir olaraq ümumi dəyəri 9500 manat olan 5 baş iri buynuzlu heyvanı da gizli yolla ələ keçiriblər.

Elnur Hüseynovun digər bir hüquqazidd əməli isə ədavəti olan qonşusuna məxsus inəyi öldürərək uçurumdan atması olub.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslərdən Elnur Hüseynov və Qalib Məmmədov cari ilin aprel ayında rayonun Toğanalı kəndində yerləşən “Göyəzən” adlı kafeyə qeyri-qanuni yolla daxil Olublar. Burada oğurlanacaq hər hansı bir dəyərli əşya tapmadıqda isə kafeni yandıraraq obyekt sahibinə 45 000 manat maddi ziyan vurublar.  Sentyabr ayında isə həmin şəxslər daha bir analoji cinayət hadisəsi törədərək kənddə yerləşən mağazadan ümumi dəyəri 1 100 manat olan müxtəlif malları oğurladıqdan sonra mağazanı və mağazaya bitişik evi yandıraraq vətəndaşa ümumilikdə 95 000 manat dəyərində maddi ziyan vurublar.

Polis əməkdaşları dəstə üzvlərindən Qalib Məmmədovun yaşadığı fərdi yaşayış evindən istifadəyə yararlı odlu silah və onun komplekt hissələrini də aşkar edib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Göygöl

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR