Göyçayda sosial problemlər içində boğulan ailənin yardıma ehtiyacı var

# 16:26
26 avqust 2021

Göyçayın Bığır kənd sakini ikinci qrup əlil olan Kamil İbrahimovun ailəsinin nə yaşamağa evi, nə geyinməyə təzə paltarı, nə də yeməyi var.

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, Kamil İbrahimov gözlərində və ayağındakı problemlərə görə əmək qabiliyyətini itirib. Ailənin yaşadığı kəndin kənarında olan bir otaqlı təmirsiz evdə  yaşayış üçün heç bir şərait yoxdur.

Övladlarından biri xəstə olan Kamil aldığı pensiyanı  özünün və övladının müalicəsinə xərclədiyini, qarın dolusu yemək yeyə bilmədiklərini bildirir. Atanın sözlərinə görə, 10 yaşlı qız övladının məktəbə getməsi üçün rayonun imkanlı şəxslərindən biri tərəfindən ona lazım olan geyim əşyaları, çanta və məktəbli ləvazimatları verilib.

Ailə başçısı ünvanlı sosial yardım almaq üçün dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, nəticə əldə edə bilməyib.

Yeni İctimai Nəzarət Şurasının Göyçay rayon təşkilatının sədri Cavid Piriyev bu yoxsul və sosial problemlər içində boğulan ailəyə baş çəkib, onların problemlərinin həlli üçün dövlət idarələrinə müraciət edib.

Hazırda ailənin təbii qaz və elektrik enerjisi ilə təmin olunması, elektrik və qaz xətlərinin çəkilişi, sayğacların qoyulması üçün lazımi sənədləşmə işləri görülür.

Bu ağır şəraitdə yaşayan ailənin evinin təmiri və digər problemlərinin həlli üçün yardım etmək istəyən şəxslər Kamilin həyat yoldaşı Xəyalə İbrahimovanın adına açılan bank hesabına vəsait köçürə bilər və ya 0505819072 telefon nömrəsinə zəng edərək ailə ilə əlaqə saxlaya bilər.

Şahnəzər Bəşirov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR