Günün günorta çağı yolda TƏMİR APARARLAR? – APA TV

# 19:53
5 sentyabr 2022

Yollarda yaranan tıxaclar Bakının sağalmaz yarasına çevrilib. Avtomobillərin çoxluğu ilə yanaşı, bu tıxacların yaranmasının digər əsas səbəbi də var. Bu isə təbii ki, gündüzlər yollarda aparılan təmir işləridir. Xarici ölkələrdə bu təmirlər adətən gecə saatlarında, küçələrdə maşınların az olduğu vaxtlarda aparılsa da nədənsə bizdə əksinədir.

Bəs görəsən bizdə niyə bu təmirlər gecə yox, məhz gündüz saatlarında aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Nəcəflinin sözlərinə görə, qurum görüləcək işlərin əksəriyyətini gecə saatlarında görür, lakin iş prosesi uzun olarsa, o zaman gündüzlər də növbəli şəkildə iş aparılır. 

Sürücülər də yaranan vəziyyətdən narazıdırlar. Onların sözlərinə görə, yollarda aparılan təmir zamanı sıxlığa düşməmək üçün alternativ yollardan istifadə etməyə məcbur olurlar ki, bu da əlavə vaxt və yanacaq itkisidir.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə deyir ki, yollarda hər hansı işin gündüz vaxtı aparılması iki səbəbdən baş verir. Bunlardan biri podratçı şirkətlərin işi plansız görməsidir. Digəri isə... ”İcra hakimiyyəti, bələdiyyələr, Azərsu, Azəriqaz, Azərişıq və digər rabitə, kommunikasiya qurumları bir-biri ilə əlaqə qurmalıdır ki, orada qazıntı olacaq. Bir qrupda toplanıb, orada hansı qurumun yaxın aylarda işi varsa, bir vaxt seçib hər ikisi və üçü eyni anda iş görməlidir. Amma bəzən görürsən ki, məsələn, Azərsu deyir ki, büdcədə pul yoxdur, üstündən bir ay keçəndən sonra qazmağa başlayır. Bir ay sonra da həmin yolu qaz, işıq və başqa qurumlar gəlib qazır. Sonda da AAYDA orada təmir aparır, o da qazır. Problem yaranır, çünki vahid sistem yoxdur”.

Ekspertin sözlərinə görə, xarici ölkə təcrübələrinə nəzər yetirsək, burada ABŞ modeli ən yaxşı yol təmiri modellərindən biridir.  Belə ki, bu ölkədə hər hansı yolda qazıntı, təmir işləri aparılırsa, kommunal xidmət göstərən qurumlarla əlaqə saxlanılır. Onların da həmin yolda işləri varsa, ortaq bir zaman seçilir, işlər isə gecə saatlarında görülür. Nəticədə isə tıxac və əlavə xərclər yaranmır.

Görünür qurumların koordinasiyasız işi səbəbindən gündüzlər yollarda hələ çox qalmalı olacağıq.


Semral Cavad,
Kamran Namazov,
APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR