Yolu bağlayan 200-ə yaxın adam həbs olundu: ERMƏNİSTANDA NƏ BAŞ VERİR?

# 15:47
2 may 2022

Ermənistanın müxtəlif şəhərlərində hökumət əleyhinə aksiyalar davam edir.

 

APA TV yerli mediaya istinadən xəbər verir ki, nümayişçilərin çoxu İrəvanda toplaşıblar. Aksiyalar zamanı şəhərin bir neçə prospekt və yolları müxaliflər tərəfindən bağlanıb. Yolların açılması üçün aksiya iştirakçıları kütləvi şəkildə saxlanılıb. İrəvan polisinin məlumatına görə, 200-ə yaxın nümayişçi tutulub və bundan sonra yollar açılıb.

 

Aksiyada saxlanıldıqdan bir neçə saat sonra azad olunan “Ermənistan” fraksiyasının deputatı Aram Vardevanyan yerli mediaya açıqlamasında özünün və bir neçə aksiya iştirakçılarının polis zorakılığına məruz qaldığını və bu barədə aidiyyəti qurumlara məlumat verəcəyini bildirib.

 

“Məni bir müddət saxladıqdan sonra azad etdilər, Polisləri bağışlayıram, amma kütlənin içərisində polislərin hədəfinə çevrilmiş bir neçə qadın iştirakçılar var ki, onlar ciddi travma alıblar. Bu kişilik deyil və bağışlanmazdır”, - deyə deputat bildirib.

 

Ermənistanın eks Milli Təhlükəsizlik Xidmətinin direktoru, “Mənim şərəfim” fraksiyasının rəhbəri Artur Vanetsyan öz “Facebook” səhifəsindən bütün vətəndaşları Paşinyan əleyhinə mitinqlərə çağırıb.

 

Sitat: “Təəssüf ki, polis qeyri-mütənasib güc tətbiq etdi, çoxlu yaralananlar var. 200-dən çox adam saxlanılıb. Onlardan bəzilərinin hazırda harada olduğu məlum deyil. Bu hələ başlanğıcdır, hər şey yaxşı olacaq. Bütün tələbələri bu aksiyalarda iştirak etməyə çağırıram”. Sitatın sonu

 

“Polislər heyvan kimi insanlara hücum edir, amma heç nəyə nail ola bilməyəcəklər”. Bu fikirləri Ermənistan mediasına müsahibəsində “Daşnakstyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.  “Bu mübarizəni dayandırmaq olmaz, biz hakimiyyəti bundan məhrum etməliyik”, - deyə İşxan Saqatelyan əlavə edib. O qeyd edib ki, kütləvi aksiyalar bundan sonra da davam edəcək.

 

Fuad Sadıqov, APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR