İlk sonun başlanğıcı - DAHA 10 AİLƏ AĞALI KƏNDİNƏ YOLA DÜŞDÜ

# 12:38
25 iyul 2022

Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb.

 

APA TV xəbər verir ki, bu gün Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən dördüncü köç karvanı yola salınıb.

 

Gördüyünüz kimi, biz artıq Ağalı kəndinə dördüncü köçün şahidi oluruq. Bu mərhələdə də 10 ailə Zəngilan rayonunun Ağalı kəndinə köç edir. Hazırda onların yola salınma mərasimini izləyirsiniz. Bura Zəngilan şəhərciyidir. İnsanlar bir növ Zəngilan şəhərciyindən gerçək Zəngilana köç edirlər.

 

Kənd sakini Şəfiqə Səmədova deyir ki, Ağalıya sevinə-sevinə köçürük: “Sevincimizdən bilmirik, nə edək. Allah qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin ki, bizi  bugünkü gündə yurdumuza qaytarırlar. Qızım orada işləyəcək. Yoldaşım işləyəcək”.

 

Gülüş Səmədli də eyni təəəsüratla Vətəninə geri qayıdır: “Bu təəssüratlar tamamilə fərqli hisslərdir. Bütün vətəndaşlara arzu edirəm. Otuz ildir, bu torpaqlara həsrətik və bu gün o torpaqlara qayıtmaq həm qürur verir, həm də kədərləndirir. Çünki orada yaşlı insanlar yoxdur. Biz atalarımızın yolunu davam etdirəcəyik inşallah”.

 

Qeyd edək ki, daha 10 ailə - 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri də yer alır.

 

Az əvvəl biz Zəngilan rayonunun Ağalı kənd sakinlərinin Zəngilan rayonuna necə yola çıxdıqlarının, necə böyük sevinc, şövq və eşqlə öz doğma ata-baba yurdlarına köç etdiklərinin, köçü başladıqlarının şahidi olduq. Amma bu həm də sonuncu köç sayılır. Çünki Ağalıya köçün birinci mərhələsində 40-dan çox ailənin köçürülməsi planlaşdırılmışdı və bu həyata da keçirilmişdi /// Bu gün həmin köçün sonuncu halqasını biz izlədik. Bir vətəndaş kimi də, APA TV izləyicisi, aparıcısı, müxbiri, ümumiyyətlə, jurnalisti kimi biz bütün bu anları Azərbaycan vətəndaşı olaraq seyr etdik və sizə təqdim etdik. İndi isə gedirik Zəngilana, həmin camaatın öz dədə-baba yurdlarında hansı hissləri keçirdiyinin şahidi olmağa.

 

Qeyd edək ki, ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin olunub.

 

Mir Çingiz Ağazadə,
Ceyhun Mustafayev,
APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR