İnsan alveri qurbanlarının müəyyən edilməsi üzrə 3 günlük təlim başlayıb

# 20:30
27 oktyabr 2021

BMT-nin Miqrasiya Agentliyinin (BMqT) Azərbaycandakı Nümayəndəliyi Gəncə şəhərində insan alveri qurbanlarının müəyyən edilməsi üzrə 3 günlük təlimə başlayıb. Gəncədə bununla bağlı “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” layihəsi çərçivəsində seminar keçirilib.

Seminarda BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev, ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer, Gəncə şəhər Baş Polis İdarəsinin, Şəmkir, Tovuz rayonlarının polis şöbələrinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, sosial xidmət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əsas məqsədi insan alveri haqqında ictimaiyyətin məlumatlandırılmasıdır. Təlim insan alveri və insan alverinə qarşı mübarizənin əsas konseptləri, insan alveri qurbanlarının aşkar edilməsi, onların identifikasiyası, istiqamətləndirilməsi, kommunikasiya zamanı etik qaydalar və ehtimal olunan qurbanlarla müsahibənin aparılması, Azərbaycanda standart fəaliyyət prosedurları və Milli İstiqamətləndirmə mexanizmlərini əhatə edir.

“Biz insan alveri ilə mübarizə və onun qurbanlarının müəyyən edilməsi ilə bağlı dövlət qurumlarının, eləcə də vətəndaş cəmiyyətinin regional nümayəndələri üçün treninqlər təşkil etmişik. Bildiyimiz kimi insan alveri qurbanlarının sayı artmaqdadır. Çünki COVID19-un yaratdığı müəyyən çətinliklər və həmçinin keçən ilki münaqişə nəticəsində meydana gələn çətinliklər var. İnsanlar işsiz qalıblar, gördüyümüz kimi, bu çətinliklər potensial olaraq insan alveri qurbanlarının sayını artıra bilər. Buna görə də biz buradayıq.”

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan Alverinə Qarşı Mübarizə Fəaliyyəti” layihəsi mövcud və potensial insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq qurbanlarına yardım göstərən vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarına texniki və maliyyə dəstəyi göstərir və insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq formaları ilə mübarizə sahəsində çoxtərəfli koordinasiya və əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR