İnzibati binada vəzifəli şəxsə xəsarət yetirilib - TƏFƏRRÜAT

# 12:54
5 oktyabr 2022

Abşeron rayonu, Masazır qəsəbə bələdiyyəsində vəzifəli şəxsə hücum edərək ona şüşə ilə xəsarət yetirən şəxsə hökm oxunub.

 

APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu il mayın 18-də inzibati binaya daxil olaraq bələdiyyənin İlham adlı şöbə rəisinə xəsarət yetirən 32 yaşlı Elnur Kərimova 2 il 6 ay müddətinə həbs cəzası verilib.

 

Araşdırmalar zamanı məlum olub ki, Elnur uşaq ikən valideynlərini itirib və Bakıda çətin tərbiyə olunan uşaqlar üçün nəzərdə tutulan xüsusi məktəbdə təhsil alıb. O, ifadəsində daha əvvəl də bir neçə dəfə cinayət törətdiyini bildirib: “Mənə dövlət tərəfindən verilmiş və Masazırda yerləşən evdə yaşayıram. Sözügedən tarixdə Masazır Bədədiyyəsinə iş tapmaq üçün getmişdim. Bələdiyyədə şöbə rəisi İlhamın iş otağına yaxınlaşaraq qapını döymədən açaraq içəri daxil oldum. İçəridə kənar şəxslər olduğuna görə İlham mənə bayıra çıxmağımı bildirdi, ona “nə olub, mənim üstümə niyə qışqırırsan?!” dedim. Üzərimə gələrək yaxamdan tutaraq bayıra itələdi, müqavimət göstərdikdə isə qapının ağzında duran vətəndaşlar İlhamla birgə məni pilləkənə doğru çıxarmağa başladı. Bu zaman pəncərənin qarşısında boş su butulkasına əl atıb götürərək sındırdım, butulkanın sınıqlarını yerdən yığaraq İlhamın sifət nahiyəsinə atdım”.

 

Bələdiyyənin şöbə rəisi isə ifadəsində bildirib ki, Elnur qapını döymədən otağa basqın edib və pul tələb etməyə başlayıb: “Əvvəllər də Elnur iş yerimə gələrək pul istəyib. Onun kimsəsiz olduğunu və dövlət tərəfindən himayədə olduğuna görə həmişə sərbəst və könüllü olaraq pul vermişəm. Mübahisə olan gün isə ona qapının ağzında gözləməsini dedim. Lakin məhəl qoymayaraq üzərimə gəldi, qışqıraraq pul tələb etməyə başladı. Vətəndaşlar və bələdiyyə əməkdaşları onu zorla bayıra çıxardılar. Lakin o, sakitləşməyib pilləkənin qabaq hissəsində yerləşən pəncərənin ağzında olan boş butulkanı götürərək yerə çırpdı və butulka sındıqdan sonra baş hissəsi əlində qalaraq üzərimə hücum etdi. Oradakı sakinlər və bələdiyyə işçiləri Elnurun qabağını kəsərək şüşəni əlindən aldılar. Buna baxmayaraq Elnur aqressiv şəkildə hərəkətlərinə davam etdirərək şüşə qırıntılarını yerdən götürdü, üzərimə atdı və şüşə qırıntıları sifət nahiyəmin sağ tərəfinə dəyərək xəsarət yetirdi. Mübahisə zamanı Elnur məni küçə sözləri ilə təhqir etdi. Onun azğın şəkildə mənə qarşı hərəkət etdiyini görərək DİN-in 102 xidmətinə məlumat verdim”.

 

Qeyd edək ki, Elnur Kərimov Xuliqanlıq -  silah və ya silah qismində əşya tətbiq etməklə maddəsi ilə təqsirli bilinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR