İrandan ölkəmizə təhlükəli qabyuyan maye gətirilir - Buna diqqət edin

# 16:27
23 iyun 2023

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkələrdə İran istehsalı olan qabyuyan şampunlarla bağlı paylaşım edib. O iddia edib ki, həmin yuyucu vasitələr ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir və tərkibində zərərli maddələr olduğu üçün həm insana, həm də məişət sularına qarışıb təbiətə axıdılarkən ekologiyaya ciddi ziyan vura bilər. Dermatoloq Pərviz Dadaşov qeyd edib ki, bütün qabyuyan vasitələrin insan dərisinə zərəri var. Həkim bildirib ki, kənar təsirlərdən müdafiə üçün bədənimizin qoruyucu səthi var. O zədələndikdə, bədənimizə təmas edən hər şey birbaşa dəri altına müdaxilə edir və zərərli təsirlərini biruzə verir. Məsələnin nə qədər real olduğunu dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Dövlət Gömrük Komitəsi qaçaqmalçılığa və gömrük işi sahəsində digər cinayətlərə qarşı mütəmadi olaraq mübarizə aparır. Məlumatda deyilir ki, əgər fiziki şəxslər tərəfindən şəxsi istifadə, eləcə də qeyri-kommersiya məqsədilə ölkə ərazisinə bu kimi mallar mövcud qanunvericilikdə nəzərdə tutulmuş limit daxilində gətirilirsə onların keyfiyyətinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmayıb. Eyni zamanda qeyd olunur ki, qeyri-kommersiya məqsədi ilə ölkə ərazisinə gətirilmiş bu cür malların sonradan kommersiya məqsədi ilə satılmasına nəzarətin həyata keçirilməsi gömrük orqanlarının səlahiyyətinə aid deyil. Adıçəkilən məhsullar həqiqətən zərərlidirmi? Zərərlidirsə, bazara çıxmasına və satışına niyə icazə verilir? Yoxsa bir vətəndaşın aşkarlaya bildiyi zərərli məhsulu aidiyyəti qurumlar bazarda görə bilmirlər? Təəssüf ki, bu suallarımıza cavab tapa bilmədik. Çünki İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məsələ ilə bağlı heç bir şərhlərinin olmadığını dedilər. ŞƏMS QULİYEVA

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR