İrəvanda dövlət bayrağımıza qarşı bir alışqanlıq “qəhrəman”lıq

# 19:19
15 aprel 2023

Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması bu ölkənin Azərbaycana qarşı dövlət səviyyəsində yürütdüyü nifrət siyasətinin bariz nümunəsidir.  11 aprel təxribatının ardınca bu  hadisənin baş verməsi bir daha sübut edir ki,  Ermənistanda  Azərbaycan xalqına qarşı etnik zəmində nifrət hökm sürür. Bu həm də Ermənistanda rasizmin, milli və dini ayrıseçkiliyin yüksək həddə olduğunu aydın  göstərir.

Avropa çempionatının rəsmi açılış hissəsində iştirakçı dövlətin bayrağının yandırılması o deməkdir ki, bu ölkə beynəlxalq tədbirləri qəbul etməyə və keçirməyə layiq deyil. Yaxın keçmişə nəzər yetirdikdə müqayisə etsək görərik ki, 2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Olimpiya oyunlarında erməni idmançının təltif edilməsi zamanı soydaşlarımızın etiraz səsləri dəmir yumruğun sahibinin bir işarəsi ilə kəsildi. Bir arifanə hərəkət  kifayət etdi ki, zalda sakitlik yarandı. Bu həm də xalqın öz liderinə sevgisi, rəğbəti və dərin hörməti idi.

Bax, idmanda və siyasətdə Azərbaycan nümunəsi əslində  belə olur.

Heç şübhəsiz ki, liderinə belə hörmət qoymayan xalq,  digər dövlətlərə və bu dövlətlərin atributlarına nə hörmət qoyacaq ki?

Deputat Arzu Nağıyev deyir ki, Avropa və dünyanın idman təşkilatları Ermənistanda dövlət səviyyəsində yürüdülən  rasizm və nifrət siyasətini sərt şəkildə qınamalıdır. Ermənistanda hər hansı beynəlxalq tədbirin keçirilməsinə qadağa tətbiq etməlidirlər. Eyni zamanda, bayrağımızı yandıran stilist Aram Nikolyana qarşı sərt tədbir görülməlidir.

Politoloq Xəyal Bəşirlinin fikrincə  isə bu  gün Ermənistanda Azərbaycan bayrağının yandırılması bu ölkədə vəhşi siyasətin yürüdüldüyünü sübut edir. Bu, irqçiliyin və ksenofobiyanın necə yüksək səviyyədə olmasının növbəti təsdiqidir. Ermənistan heç də sivilizasiyaya, mədəniyyətə  sahib ölkə deyil.

Qeyd edək ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin dərinləşməsinə yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb. Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2  və 12.2, 324-cü maddələri ilə cinayət işi başlanıb. Milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyan və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR