Kənd camaatı problem içində boğulur, qurumlar “icradan icazə alın, danışaq” deyir

# 17:32
16 fevral 2023

Ağdaş rayonunun ən ucqar və böyük kəndlərindən biri olan Qaradeyin kəndinin camaatı problemlər içində boğulur. Kəndin yolları bərbad vəziyyətdə, tibb məntəqəsi isə uçmaq üzrədir.

4 kəndə xidmət edən tibb ocağı çöldən və içəridən xarabalığı xatırladır. Məntəqədə çalışan tibb işçiləri deyir ki, yayda ilan, siçovul, çəyirtkə və digər həşəratlar, qışda isə yağış damcıları və soyuq işləməyə imkan vermir.

Vaxtı ilə rahatlıqla on min vətəndaşa xidmət edən kənd tibb məntəqəsi elə bir vəziyyətdədir ki, indi burada heç on nəfərə də normal xidmət göstərmək mümkün deyil. İstismar müddətini başa vuran bu bina sökülüb dağılır.

Kəndin yolları da camaatın yaşayışını çətinləşdirir. Sakinlər deyir ki, yollar elə gündədir ki, nə biz xəstəmizi vaxtında rayon mərkəzinə çatdıra bilirik, nə də köməyimizə çatmaq üçün kənd yolunu gözə alan var.  

Mövcud vəziyyətlə bağlı sakinlərin qapısını döymədikləri qurum qalmayıb. Sakinlər deyir ki, qapı-qapı gəzməyimizin heç bir nəticəsi olmayıb:  “görülən tək iş ildə bir dəfə ad olsun deyə yolun qrederlə hamarlanmasıdır”.

Camaat deyir ki, kəndin daxili yolları da əsas yolu da dağılıb, yolda nə piyada, nə də maşınla hərəkət etmək mümkündür.

Problemlərlə bağlı kənd icra nümayəndəsinə münasibət bildirməsi üçün müraciət etdik. Əraziyə gələn nümayəndə bizi sorğu-suala tutub, çəkilişlə bağlı icradan icazə almalı olduğumuzu bildirdi. Həm icra nümayəndəsinə, həm də bələdiyyəyə  kəndin daxili

yollarındakı problemlərin nə zaman  aradan qaldırılacağı ilə bağlı suallar verdik. Qurum rəsmiləri cavab vermək əvəzinə maşına minərək ərazidən uzaqlaşdılar.

Baş verənlərdən belə nəticə çıxarmaq olar ki, bu vəzifə sahibləri ərazilərinin hüdudlarına daxil olan hər kəsin işinə qarışmaqdan öz vəzifələrini yerinə yetirməyə vaxt tapmır. 

Odur ki, kəndi magistral yola birləşdirən əsas yolun vəziyyəti ilə bağlı AAYDA-nın mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun sözçüsü Anar Nəcəfli bildirdi ki, maliyyə vəsaiti ayrılan kimi adı çəkilən yol təmir olunacaq.

Kəndin tibb məntəqəsinin qəzalı vəziyyəti ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumdan bizi Ağdaş rayon mərkəzi xəstəxanasına yönləndirdilər. Burada isə “xəstəxananın baş həkimi iclasdadır” - deyib, çəkiliş qrupumuzu gözlətdikləri vaxt xəstəxananın mühafizə xidmətindən bildirildi ki, icradan icazə alıb gəlmədiyimiz üçün baş həkim bizə müsahibə verməyəcək. Uzun bir çək-çevirdən sonra isə xəstəxanadan bu yazılı açıqlamanı ala bildik:

“Sizin şifahi sorğunuza əsasən bildiririk ki, İcbari tibbi sığortanın tətbiqi ilə əlaəqdar olaraq rayon mərkəzi xəstəxanasında, o cümlədən ilkin səhiyyə xidməti strukturlarında təkmilləşdirmə işləri aparılmışdır. Belə ki, poliklinikaların və kənd sahə xəstəxanalarının, kənd həkim məntəqələrinin bazalarında Ailə Sağlamlıq Mərkəzləri yaradılmış, ailə həkimi modelinin tətbiqinə başlanılmışdır. Həyata keçirilən işlərin davamı olaraq, rayon mərkəzi xəstəxanasından səyyar tibbi briqadalar cəlb edilməklə mütəmadi qaydada tibbi müayinələrin aparılması təşkil edilir.

“Ağdaş RMX” PHŞ-nin  Qaradeyin Ailə Sağlamlıq Mərkəzi bölməsi davamlı olaraq Qaradeyn, Eymur, Ağcaqovaq, Ərəbşəki kəndlərinin əhalisinə tibbi xidmətlərin göstərilməsini həyata keçirir. Ailə Sağlamlıq Mərkəzi bölməsinin yaxın dövr ərzində təmir olunması nəzərdə tutulub.”

Qeyd edək ki, kənddə 400-dən artıq təsərrüfat və 2000 min nəfərdən çox insan yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR