Külli miqdarda rüşvət alan təşkilat rəhbəri həbs edildi

# 17:20
8 fevral 2022

“Yeni İctimai Nəzarət Şurası” adlı qanunsuz təşkilat adı altında vətəndaşları aldadıb rüşvət verməyə təhrik edən şəxslər həbs edilib.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA TV-yə verilən məlumata görə, əvvəllər məhkum olunmuş Ramil Şükürovun müvafiq qaydada dövlət qeydiyyatından keçirilmədən qanunsuz yaratdığı “Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın fəaliyyətinə cəlb etdiyi digər şəxslərlə mütəşəkkil dəstə şəklində etdiyi qanunsuz əməllər barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-axtarış tədbirləri keçirilib.

 

Qurumun ofisində axtarış aparılarkən Ramil Şükürov və yaratdığı şuranın digər üzvlərinin qanunsuz əməllərinə dair iş üzrə əhəmiyyət kəsb edən çoxsaylı sübut və məlumatlar aşkar edilib. cinayətkar şəbəkə şəklində təşkilatlanmış qurumun rəhbər şəxslərinin guya aztəminatlı ailələrin yaşayış və maddi vəziyyəti ilə bağlı problemlərinin həlli, eləcə də şəhid və qazi ailələrinə yardım edilməsi adı ilə ayrı-ayrı vətəndaşlardan toplanılan ianə pullarını mənimsəmələrinə şübhələr müəyyən edilib.

 

Bundan başqa, Ramil Şükürovun tanışı Elçin Aslanlı ilə qabaqcadan əlbir olaraq Bakıda ikimərtəbəli obyektin üçüncü mərtəbəsinin inşa edilməsinə rəsmi dövlət qurumlarından müvafiq icazələrin alınmasında köməklik göstərilməsi ilə əlaqədar yalan vəd verərək vətəndaşdan tələb etdiyi 100.000 manat məbləğində pulun müəyyən hissəsini ələ keçirməsinə əsaslı şübhələr yaranıb.

 

Habelə, Ramil Şükürovun rəhbərlik etdiyi qurumun Qazilər və veteranlarla iş üzrə sədr müavini vəzifəsində işləyən Koroğlu İbrahimov ilə qabaqcadan əlbir olaraq Ağdam rayonu, Xındırıstan kənd musiqi məktəbinə direktor təyin edilməsində köməklik göstərilməsi üçün ona müraciət etmiş vətəndaşdan 17.000 manat məbləğində pul vəsaitini alaraq Koroğlu İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr yaranıb.

 

Bundan əlavə, Ramil Şükürovun ona müraciət etmiş Hacıqabul rayon sakinindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş övladının azad edilməsi üçün guya aidiyyəti vəzifəli şəxslərə rüşvət verəcəyi adı ilə aldığı 12.000 manat pulu ələ keçirməsinə əsaslı şübhələr yaranıb.

 

Eləcə də, sonuncunun tanışı Elçin Aslanlının vətəndaşın faktiki istifadəsində olan Tovuz rayonu ərazisindəki torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün müvafiq dövlət orqanlarının yaxın əlaqədə olduğu vəzifəli şəxslərinə rüşvət verəcəyi adı ilə ondan aldığı 22.000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, bununla da qeyd edilən şəxslərin həmin hərəkətləri ilə vətəndaşları təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr yaranıb.

 

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında cinayət işi başlanıb, hər üç şəxs şübhəli şəxs qismində tutularaq barələrində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR