Layihəsi fransalı memar tərəfindən hazırlandı, üç aya tikildi - MƏŞHUR SARAYDAN REPORTAJ

# 12:57
1 sentyabr 2021

Xan Lənkəranın Xan Sarayı. Mərkəzdə yerləşən bu ev, bu saray şəhərin ən gözəl yerlərindən biridir. Bura cəmi 2 əsrə şahidlik etsə də, içində minilliklər yaşayır.

Söhbət Mirəhməd Xan Talışınskinin həyat yoldaşının şərəfinə tikdirdiyi və dünya arxitekturasının nadir incilərindən sayılan Xan Sarayından gedir. Mirəhməd Xan hakimiyyətdə heç vaxt olmasa da, "Xan" titulunu özünə xan nəslindən olduğu üçün götürüb.

O, sözügedən sarayı 1913-cü ildə həyat yoldaşı Tuğra xanımın şərəfinə 3 aya tikdirib, səbəb isə xanımının 1 il əvvəl Tiflisdə keçirilən Zaqafqaziya gözəllik müsabiqəsində qalibiyyəti olub. Binanın layihəsi fransalı memar tərəfindən hazırlanıb və tikintisində milli memarlıq elementlərindən bacarıqla istifadə olunub.

Xan Sarayı tikilərkən bir çox inşaat materialları Fransadan və Bakıdan gəmi vasitəsilə Lənkərana gətirilib. Şəhərin ilk çoxmərtəbəli tikintisi olan bu bina hazırda Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir.

Xan Sarayı 2013-cü ildə təmirə bağlanıb və 2 ildən sonra istifadəyə verilib.

1991-ci ildən burada Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətdədir. Muzeyin 7000-ə yaxın eksponatı var və bir neçə şöbələrdən ibarətdir: Qədim dövr, Etnoqrafiya, Mədəniyyət, Xanlıqlar, Elm və təhsil və digər şöbələr Müsahibə götürdüyünüz şöbə Xanlıqlar dövrünə aiddir, burada siz Lənkəran xanlarının şəcərəsini və fotoşəkillərini görə bilərsiniz. Mirəhməd xanın istər fotoşəkli, istər portreti, həm də onun həyat yoldaşı Tuğra xanımın portreti bu şöbədə gələnlərə nümayiş olunur. 

Xan Sarayı 12 zaldan ibarətdir. Xalq tətbiqi sənət nümunələri, etnoqrafik məişət əşyaları, sənədlər, numizmatika, arxeoloji, heykəltəraşlıq, rəssamlıq bölmələrinə aid olan əşyalar göz oxşayır.

Muzeyimizin ən nadir eksponatlarından biri də Arxeologiya şöbəsindədir, Tunc dövrünə aid iynədir. O sübut edir ki, primitiv olsa da, Tunc dövründə insanlar tikişdən istifadə etməyi bacarıblar.

Xan sarayı həm qərb, həm də şərq memarlıq elementlərini məharətlə özündə birləşdirir. Bu da binaya xüsusi orijinallıq və gözəllik verir. Nəticədə yerli turistlərlə yanaşı əcnəbi turistlərin də marağına səbəb olur.

Muzeyin Xanlıqlar bölməsinə maraq daha çoxdur. Təbii olaraq muzeyə gələn qonaqlara rus, ingilis dilində ekskursiyalar aparılır.

Bu il ərzində muzeyə gələnlərin sayı 4659 nəfər yerli turist, 106 nəfər isə xarici turist olub. Xarici turistlərin azalma səbəbi pandemiya ilə bağlıdır. İstər xarici, istər yerli turistlərə burada çox maraqlı eksponatlar nümayiş etdirilir. Yerli camaat tərəfindən bizə çox maraqlı eksponatlar hədiyyə kimi təqdim edilir. 

1916-cı ildə Mirəhməd xanın vəfatından sonra Sovet hakimiyyəti illərində sözügedən bina dövlət tərəfindən müsadirə edilib və xanın həyat yoldaşı Tuğra xanım evdən çıxarılıb. Hal-hazırda muzeyin qapıları ziyarətçilərin üzünə açıqdır və Xan Sarayı gələnlərə həmişə keçmişi göstərməyə hazırdır.

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR