Lənkəranda məktəb uçur: 305 şagird təhlükədə

# 15:13
28 noyabr 2022

Lənkəran rayonunun Şağlaser kənd orta məktəbinin binası qəzalı vəziyyətdədir.

Rafael Ağayev adına Şağlaser kənd tam orta məktəbi 1990 – cı ildə fin tipli layihə əsasında tikilib. 624 yerlik məktəbdə hazırda 305 şagird təhsil alır. Bir korpusdan ibarət olan binada 24 sinif otağı var. Məktəb istifadəyə verildiyi gündən indiyə kimi heç vaxt əsaslı təmir edilməyib. Məktəbin çöl divarları eroziyaya uğrayıb və çatlaqlar əmələ gəlib.

Məktəbin direktoru Yalçın Əliyev bildirdi ki, aidiyyəti orqanlar məktəb binasının acınacaqlı vəziyyətdə olmasından xəbərdardırlar. Məktəb binasına baxış keçirilib, qeydiyyat aparılıb.

Məktəbin hasarlarının dağılması ilə bağlı narahatlığını dilə gətirən direktor bildirdi ki, daxili imkanlar hesabına təmir işləri aparılıb. Lakin hasarlar yenidən dağılıb və bu da mal-qaranın məktəbin həyətinə daxil olmasına səbəb olur. Bu də dərs prosesini və uşaqların təhlükəsizliyinin təmin edilməsini çətinləşdirir.

Məsələ ilə bağlı Lənkəran – Astara regional təhsil idarəsindən şifahi olaraq bildirdilər ki, növbəti il ərzində Lənkəran rayonunun Rafael Ağayev adına Şağlaser kənd tam orta məktəbində təmir-bərpa işlərinin görülməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR