“Məni ölmüş qara dərili ilə dəyişdilər” - FACİƏ ŞAHİDLƏRİ DANIŞIR

# 20:16
26 fevral 2022

Bu gün Xocalı faciəsindən 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin əksəriyyətini ermənilər təşkil edən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edildi, azərbaycanlılara qarşı unudulmayacaq soyqırımı törədildi. Azərbaycan xalqı faciəni anmaq üçün hər il “Ana harayı” abidəsinin önünə gələrək Xocalı şəhidlərini yad edir, ruhuna dualar oxuyurlar.

 

Xocalı faciəsini öz gözləri ilə görənlərdən biri də Mürvət Məmmədovdur. Müsahibimiz deyir ki, bu gün bir gözümüz ağlasa da, bir gözümüz gülür: “Faciə vaxtı mənim 14 yaşım olardı. Ailəmiz erməni zülmünü 2-ci dəfədir ki, yaşadı. Biz Xocalıya 1988-ci ildə Qərbi Azərbaycandan qaçqın olaraq Xocalıya gəlmişdik. Amma Xocalıda da bizə divan tutdular. İmkan vermədilər yaşamağa. Baxmayaraq ki, Xocalıda iki qardaşımın və atamın başları kəsilərək şəhid edildilər. Mən  ayağımdan yaralandım, anam isə kürəyindən. Olmazın işgəncələrini görmüşük. Mən bir həftədən sonra, şəhid Allahverdi Bağırovun dəstəyi ilə ermənilər tərəfində döyüşən qara dərili birinin meyiti ilə dəyişdirildim”.

 

Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 uşaqdan biri olan Sevil Əzimova da başlarına gətirilən faciələrin dəhşətlərindən danışır: “Əmim və yoldaşı, əmimoğlu 6 yaşında, əmim nəvəsi 6 yaşında,  bibim, atamın əmisi oğlu, bibisi, şəhid ediliblər. Çox çətindir. Şükür ki, torpaqlar alındı. İnşAllah Xocalı da alınar, biz də qayıdarıq”.

 

Ziyarətə gələnlər arasında Ağdam sakinləri olan, Xocalıda itkin düşmüş Məzahir Əbilovun anası Qənirə Əbilov və bacısı Mehriban Əbilova da var idi.

 

- 30 ildir ki, unutmuruq. Hər il 26 fevralı həmin gün kimi yaşayırıq. Məzahir Xocalıda polis işləyirdi.  Müharibədə kəşfiyyatçı kimi fəaliyyət göstərirdi. Ermənilərin hücumu zamanı əhalinin köçürürdülər. Sonuncu dəfə dostları ilə əməliyyata gedəndə qayıtmadı. Gözümüz yoldadır ki, bəlkə sağdı.

 

- Ermənilərin fikri azərbaycanlıları məhv etmək idi. Buna heç nail olmayacaqlar. Xalqımız güclü, qeyrətli xalqdır. Bu gün ermənilər özləri gördülər ki, həqiqətən də illər keçsə də, yenə Qarabağımızı geri aldıq.

 

Xatırladaq ki, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Ümumxalq yürüşü  keçirilib.

 

Fuad Sadıqov

Kamran Namazov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR