Məşhur gecə klubu buna görə bağlandı - SƏBƏB

# 12:45
6 iyun 2022

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakıda “ENJOY” gecə əyləncə klubu fəaliyyəti dayandırılıb.

 

FHN-dən APA TV-yə verilən xəbərə görə, vətəndaşların müraciəti əsasında aparılmış plandankənar yoxlama zamanı klubda yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

 

Həmin nöqsanlar bunlardır:

 

- obyekt normaya uyğun ehtiyat çıxış yolu ilə təmin edilməyib;

 

- obyektin əsas zalında döşəmə hissə divar boyunca 40 sm hündürlüyündə taxta diklərdən istifadə olunaraq üzəri xalça ilə üzlənib ki, bu da əlavə yanğın təhlükəsi yaradır;

 

- obyektin qapılarının təxliyə məqsədilə çıxış istiqamətində açılması təmin edilməyib;

 

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

 

- obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb;

 

- elektrik enerjisinin kəsilməsi halları nəzərə alınaraq, obyekt ehtiyat elektrik generatoru ilə təmin edilməyib;

 

- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

 

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

 

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə əyləncə klubunda işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR