Mollanın artistliyi və İranın gülüməli güc göstərisi... - APA TV

# 17:21
24 oktyabr 2022

Molla rejiminin növbəti əzələ nümayişi, yoxsa... Əslində İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimləri heç əzələ nümayişi də adlandırmaq olmaz. Çünki bu nümayiş daha çox təlimlərin fiaskosu ilə yadda qaldı. Hələ təlimlərin ilk günündə, texnikaların sərhəddə daşındığı zaman hərbi avtomobil aşdı və əsgərlər öldülər.

Hələ şah dövründən qalan texnikaların yollarda qırılıb qalmasından danışmırıq.

Üstəlik, suyu dizdən yuxarı çıxmayan Araz çayının üzərinə üzən körpü salmaqla tankları çayın bu tayına keçirmək əslində Millət vəkili Siyavuş Novruzov demişkən, artistlikdən başqa bir şey deyildi.

 

Bir çayın üzərinə körpü salmaq üçün az qala təlimə cəlb etdiyi bir ordu qədər canlı qüvvə səfərbər edən İran rəhbərliyi yəqin dünya ordularındakı müasir suda üzən körpülərdən xəbərsizdir. Hələ çox uzağa getmədən qardaş Türkiyənin 2011- ci ildə istehsal etdiyi və istənilən texnikanı su hövzəsindən qarşı tərəfə keçirə bilən müasir texnikalarını yəqin ki, Molla rejimi ya görməyib, ya da unudub.

 

Son günlər Rusiya-Ukrayna savaşında gündəm olan PUA-lar isə deyəsən Molla rejiminin özünü belə təəccübləndirib. Əks halda İran rəhbərliyi "bir vaxtlar bu PUA-lar maketdir deyib bizi ələ salanlar, indi çox təhlükəlidir deyirlər" açıqlamasını qürrələnərək verməzdi. Amma bu dronlar Ukrayna səmasında nə qədər çox görünsə də, müasir standartların çox altında qalır. Bunu cəmi bir neçə gün ərzində 200-dən artıq İran PUA-sının vurulması da sübut edir. Biz hələ “Kalaşnikov”larla zərərsizləşdirilən PUA-lardan danışmırıq.  

 

İçində təlatümlərin baş verdiyi bir vaxtda İranın özünün Qafqazda varlığını sübut etmə göstərisinin əslində nədən qaynaqlandığı bəllidir. Türk dünyasının yaxınlaşması, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda apardığı quruculuq işləri, bölgənin inkişafı bir çoxları kimi, Molla rejiminin də yuxusunu ərşə çəkib. Əks halda Qafanda divarının suvağı belə qurmamış bir binada öz baş konsulluğunu açmazdı. Amma rejim bilməlidir ki, Azərbaycan istədiyinə nail olana  qədər durmayacaq. Çünki bu dəfə hər şey fərqlidir. Elə cənab Prezidentin dediyi kimi: “Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.

 

Mirislam Əhmədoğlu APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR