Mülkü əhaliyə qarşı törədilən cinayətlərlə bağlı sayt yaradıldı

# 21:45
25 noyabr 2021

Vətən müharibəsində həlak olan mülki əhalinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan “Karabakh Memorial” internet resursu təqdim edilib.

 

APA TV-nın məlumatına görə, “Karabakh Memorial” internet resursu Qarabağ Dirçəliş Fondu tərəfindən ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın olduğu “Karabakh center” layihəsi çərçivəsində Vətən müharibəsi zamanı beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən terrorun nəticələrini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə yaradılıb.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, bütün dünya erməni təcavüzü və cinayətlərinin şahididir.

 

Ombudsman Səbinə Əliyeva isə müharibə nəticəsində uşaqların pozulmuş hüquqlarından danışıb. O, beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin təcavüzündən əziyyət çəkən mülki insanların hüquqlarının pozulmasına reaksiya verməyə çağırıb.

 

Tədbirdə Qarabağ Dirçəliş Fondunun icraçı direktoru Rəhman Hacıyev “Karabakh Memorial” internet resursu barədə məlumat verib, bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər unudulmamalıdır: “Bunu beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Bu istiqamətdə bu gün təqdim edilən layihə sonuncu olmayacaq”.

 

XİN sözçüsü Leyla Abdullayeva isə erməni təcavüzü ilə bağlı Azərbaycanın Ermənistana qarşı beynəlxalq məhkəmələrdə qaldırdığı iddialar barədə danışıb: “Bu gün Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib. Bundan sonrakı mərhələdə bizim işimiz ikiqat artır. Həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Ermənilər tərəfindən törədilən hər bir cinayət sənədləşdirilir və aidiyyəti üzrə beynəlxalq təşkilatların diqqətinə çatdırılır. Bu cinayətlərin beynəlxalq müstəvidə Ermənistana qarşı iddia olaraq qaldırılması istiqamətində işlər gedir. Avropa İnsan Hüquqları Məhkəməsində bu ilin yanvar ayında qaldırılan iddia çərçivəsində iş davam edir. Bu ilin sentyabr ayında Beynəlxalq Cinayət Məhkəməsində qaldırılan işlə bağlı da proses davam etdirilir. Lakin bu, son deyil. Bu işlərin, iddiaların qaldırılması davam etdiriləcək. İlk növbədə, beynəlxalq ədaləti təmin etmək üçün bu, çox vacibdir”.

 

Sonra “Karabakh Memorial” internet resursunun təqdimat videosu yayımlanıb.

 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin döyüş bölgələrindən uzaqda yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR